Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qarabağın incisi Hadrutda hərbi xidmət: "N" saylı hissəyə mediatur təşkil olunub
26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Hadrut qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə mediatur təşkil olunub.
Oxu.Az xəbər verir ki, səfər çərçivəsində KİV nümayəndələrinə hərbi hissədə yaradılan şəraitlə bağlı məlumat verilib. Media nümayəndələri hərbi hissənin şəxsi heyətinin silah-sursat bazasının bir qismi, eləcə də onların qidalanması və digər lazımi vəsaitlərin təchizi ilə yaxından tanış olublar.
Bildirilib ki, ümumi ərzaq normalarına zeytun və bitki yağı, konservləşdirilmiş ət, qiyməli qarabaşaq, meyvə şirəsi, qatı şəkərli süd və çay daxildir. Döyüş vaxtı quru ərzaq payı dəsti verilir ki, onun da tərkibinə iki cür quru yemək, konservləşdirilmiş ət, düyü və qarabaşaqla birlikdə ət paşteti, üç ədəd quru çörək, çay, qənd, qatılaşdırılmış süd və cem daxildir.
Komando bölmələri üçün isə 7 nömrəli norma tətbiq olunur ki, bu da əlavə çərəzlər, zeytun konservləri, halva, qəhvə, şokolad ehtiva edir.
Nümayiş edilən silahların bir çoxu 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında istifadə olunub. Onlardan biri də "Kalaşnikov AK-74 M"dir. Bu avtomat fərdi silah olub, düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək üçün təyin edilib.
Azərbaycan istehsalı olan "İstiqlal" snayper tüfəngi isə 7 min metr məsafədən hədəfi vurma qabiliyyətinə malikdir. Çapı 14.5 mm, uzunluğu 2 metr 25 sm-dir. Silah beş patron tutumlu patron darağına malikdir.
40 mm çaplı tank əleyhinə əl qumbaraatanı "RPQ-7V" düşmənin tankları, özüyeriyən artilleriya qurğuları və digər zirehli vasitələri ilə mübarizə üçün təyin edilib.
Stendlərdə gecəgörmə cihazları da var ki, onların da əksəriyyəti İsrail istehsalıdır.
"Kargu 2" zərbə dronu düşmənin canlı qüvvəsini məhv etmək üçün təyin olunub. Döyüşə tam hazır vəziyyətdə çəkisi səkkiz kiloqram, əlavə avadanlıqlarla birlikdə isə 12 kiloqramdır. Bu dronu xüsusi kurs keçmiş hərbi qulluqçular idarə edirlər.
Müşahidə dronu isə döyüşlərdə, antiterror əməliyyatlarında, xüsusi tapşırıqlarda döyüş qruplarının tapşırıqları yerinə yetirməsində onlara yardımçı olur. Bu dron vasitəsi ilə düşmənin canlı qüvvəsi və texnikası müşahidə edilir.
Daha sonra hərbi qulluqçuların sosial-məişət şəraiti və asudə vaxtlarının təşkili ilə bağlı məlumat verilib. Əsgər yataqxanasında şəxsi heyət üçün nəzərdə tutulan ideoloji otaqda onlara ayrılan vaxt ərzində mədəni istirahətləri üçün şərait yaradılır, onlar burada qəzet və kitab oxuyurlar.
Daha sonra hərbçilərin geyim və yataq otaqları ilə tanışlıq olub. Bundan başqa, bildirilib ki, hərbi qulluqçular hər gün müəyyən saatlarda müxtəlif idman alətlərində məşq edirlər.
İki ildir Hadrutda xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçusu kiçik çavuş Əmrah Poliyev heç bir çətinliklərinin olmadığını bildirib:
"Fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. Silahlı Qüvvələr Günü münasibəti ilə bütün hərbçiləri təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram".
Yeddi ildir ki, zabit kimi xidmət göstərən Elvin İsmayılov bir çox döyüş əməliyyatlarda iştirak etdiyini bildirib:
"2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra vaxtından əvvəl kapitan hərbi rütbəsi ilə təltif olunmuşam. Azərbaycan Ordusunda xidmət etməyimlə fəxr edirəm və sizin vasitənizlə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçuları təbrik edirəm, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram".
Daha çox foto burada: PhotoStock.az
Almaz Qasımova