Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
DSX: "COP29 ərəfəsində əcnəbilər ölkəmizə 45 saniyə ərzində buraxılacaqlar"
"COP29 tədbiri zamanı hər hansı fövqəladə hal baş verdiyi halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda komandanlığın hərbi qulluqçusu, mayor Nicat Cahidzadə deyib.
O bildirib ki, tədbirə gələn qonaqlar COP29 Əməliyyat Şirkətinin nümayəndələri tərəfindən qarşılanacaq, xüsusi nəzərdə tutulmuş keçid zolaqları ilə sərhəd-nəzarət kabinələrinə yönləndiriləcəklər:
"Sərhəd Nəzarətinin hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş çərçivədə qısa zamanda sənədləri yoxlayaraq, rəsmiləşdirməni COP29 vizası ilə gələn əcnəbi vətəndaşlar üçün 45 saniyə, Azərbaycan vətəndaşları üçün 30 saniyə müddətində bitirərək, dövlət sərhədindən buraxılmalarını təmin edəcəklər".
Hərbi qulluqçu qeyd edib ki, hazırda da gücləndirilmiş iş rejimində fəaliyyətləri davam edir:
"Bütün istiqamətlərdə COP29 tədbirinin qonaqlarının qarşılanması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir. COP29 tədbirinin yüksək səviyyədə təşkili zamanı bizim əsas öhdəliklərimiz - tədbirdən öncə və sonra əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, dövlət sərhədində, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil olunması, digər dövlət qurumları ilə qarşılıqlı olaraq müvafiq məlumatların operativ şəkildə əlaqələndirilməsi, şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədində, qanunvericilik çərçivəsində, gecikmələrə yol verilmədən keçidinin təmin olunması üçün xüsusi elektrik vasitələrinin işləkliyinə nəzarət edilməsidir".
N.Cahidzadə vurğulayıb ki, sıxlığın qarşısını almaq üçün ilk növbədə şəxsi heyətin sayı artırılıb və onlar müasir xüsusi texniki vasitələrlə təmin olunublar.
"Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla əlaqədar ölkəmizə gələn xarici qonaqların pasport yoxlanışının sürətləndirilməsi üçün xüsusi texniki təchizat və nəzarət avadanlıqları ilə təmin olunub. Eyni zamanda, zəruri tədbirlər görülüb və bütün tapşırıqlar tam icra olunub".
Oxu.Az xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda komandanlığın rəisi Elşən Verdiyev deyib.
O bildirib ki, Sərhəd Nəzarəti Komandanlığı nüfuzlu beynəlxalq tədbirlərlə əlaqədar texniki tərəqqi tətbiq olunmaqla sənədlərin operativ yoxlanışını, qarşıya qoyulan tapşırıqların və öz üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrasını təmin edəcək.
Aygün Mirakif
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Əsgərimiz bədbəxt hadisə nəticəsində həlak oldu
- Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir
- İrandan Azərbaycana 16 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
- Bu ilin oktyabrında dəyəri üç milyon manatdan çox qaçaqmal saxlanılıb