Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xalq artisti: “Bunlar elə bilirlər ki, prodüserlik “baboçka” taxıb sonda səhnəyə çıxmaqdır!”
“Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam. “Alatava”da çəkildim. Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də. Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam. Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik. Komediyada öz obrazımın faciəsini də göstərə bildim. Bu xoşuma gəldi. Cəfər Cabbarlıdan qaynaqlanıb bir ssenari yazıblar, Almaz yəni “Vətəndaş-A”. Bu serialın da hazırda montaj işləri gedir. Burada da mən məktəb direktoru rolunu oynayıram. Bu rolumdan, mən yaşda adamın gənc rejissorla mübahisələrindən danışmaq istəyirəm. O nəticədə mənim oyun tərzimi dəyişdirə bildi, buna nail oldu. Qışqıra-qışqıra, xətrimə dəyə-dəyə buna nail oldu. Bu gənc rejissor Elvin Rüstəmzadə idi. Çox xoşuma gəldi ki, o adımdan, sanımdan qorxmayaraq, vuruşa-vuruşa məni yolumdan döndərə bildi. Əgər rejissor aktyoru əzizi kimi çox istəmirsə, onda heç nə alınmır. Bu Elvinlə mənim 3-cü işim idi. Bizimki alınır. Mən ona oğlum deyirəm, o mənə dədə deyir. Sonuncu işimizdən çox xoşum gəldi”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib.
O, gənclərə dəstək olduğunu bildirib:
“Gəncləri pisləməyin adı yoxdur. Hikmət Rəhimov, Azər Aydəmir, Qorqud Cəfər, Fərhad Səmimi kimi aktyorları necə pisləyə bilərəm? Əjdahadırlar! Həvəslə izləyirəm, sevə-sevə! Mən onlardan da öyrənirəm! Böyük məmnuniyyətlə mən Hikmət Rəhimovun çəkdiyi “Apatiya” filminə baxardım. Heyif ki, o məni dəvət etmədi. O uşağın öz aləmi var. Biri də var ki, deyir ki, “hamı çəkilir, qoy mən də çəkilim, həvəsim var”.
Bax biz bunların əlində qalmışıq. Bunlar elə bilirlər ki, prodüserlik “baboçka” taxıb sonda səhnəyə çıxmaqdır! Xeyr! Bu, tamam başqa şeydir. Onlar ulduz xəstəliyinə tutulublar. Elə bilirlər ki, oxumasalar da, aktyordurlar. Filmlərə baxıb özlərini kiməsə oxşatmaqla aktyor olmurlar”.
Xalq artisti Şuşaya gedib-gəldiyini də bildirib.
“Doğma diyarım Şuşaya gedib-gəlirəm. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev hər zaman qaçqınlarla ağıllı və savadlı iş aparır. Onun qaçqınlarla birlikdə ərsəyə gətirdiyi bir sexi var. Orada üzük istehsal edir. Onun birini də mənə bağışlayıb... Şuşanın darvazaları da oradadır, üstünə Şuşa yazılıb və üzüyün qaşı da Cıdır düzünün torpağındandır. O üzüyü barmağıma taxanda kövrəlirəm”, - deyə sənətkar bildirib.
Xalq artisti açıq-saçıq filmlərdən də danışıb:
“18+” vəziyyətdən çıxış yolu deyil. O səhnələr təqribən qadın hamamında gedib film çəkməkdir. Beynimə girmir mənim. Kişilər söhbət edəndə belə mövzulardan danışa-danışa edirlər. Yaxşı kişilər heç söyüş də söymürlər”.
"Rövşən Rzayev" teqi üzrə xəbərlər
- Xankəndinin Kərkicahan qəsəbəsinə qayıdışa hazırlıq görülür - FOTO
- Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI
- Bu il Kərkicahan qəsəbəsinə ilk köç olacaq - RƏSMİ
- Mərakeşli jurnalistlər Qarabağ və Şərqi Zəngəzura səfər edəcəklər - FOTO
- Kəmaləddin Heydərov prezident seçkisində səs verdi - YENİLƏNİB + FOTO
Rəylər