Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xalq artisti, bəstəkar Faiq Sücəddinovun doğum günüdür
İyunun 14-də Azərbaycanın Xalq artisti Faiq Sücəddinovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Faiq Miri oğlu Sücəddinov 1947-ci ildə Gəncə şəhərində anadan olub.
1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvəti ilə orkestrdə çalışmağa başlayıb.
1970-ci illərdə isə bəstəkar Estrada Orkestrində fəaliyyətini dayandırıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirib.
O, 1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə qəbul olunub, 1981-ci ildə isə həmin fakültədən məzun olub. Faiq Sücəddinov 2000-ci illərdə bir müddət Türkiyədə və Kiprdə yaşayıb, fəaliyyət göstərib.
Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün "Atatürk" odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) var.
2006-cı ildən Azərbaycan Respublikasının xalq artistidir, 2007-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
Bəstəkar 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Rəylər