Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vaqif Mustafayevin filmi türk dünyasının baş mükafatını qazandı - FOTO
Kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayevin “Fikrət Əmirov” adlı filmi “VIII Türk Dünyası Sənədli Film Festivalı”nın baş mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də Ankarada “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən tədbirin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.
Festivalın təşkilatçısı, Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Demir tədbirin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi, bir sıra bələdiyyələr, birliklər, QHT-lər, universitetlər, media şirkətləri və digər təşkilatların dəstəyi ilə reallaşdığını bildirib.
Sonra türk dünyasına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri mərhum Qənirə Paşayeva adına təsis edilən şərəf mükafatı, Azərbaycan Mədəniyyət Nazirliyinin “Azərbaycanfilmin 100 illiyi” kimi bir sıra mükafatlar sahiblərinə verilib.
Əsas mükafatı alan Azərbaycanın Xalq artisti Vaqif Mustafayev festivalın təşkilində əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib. Rejissor mükafatın məhz “Fikrət Əmirov” filminə verilməsini jürinin ədalətli qərarı olduğunu vurğulayıb.
Vaqif Mustafayev mükafatın dəyərini ifadə edərək deyib:
“Hazırda əlimdə tutduğum mükafatın ağırlığı ona verilən əməyin, sevginin ağırlığıdır”.
Tədbirdə ölkəmizi Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı və digər təşkilatların nümayəndələri təmsil ediblər.
Festivalın ikincilik mükafatını təqdim edən səfir Rəşad Məmmədov Türkiyə istehsalı serialların ortaq tariximizin dünyada tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
Builki “Türk Dünyası Sənədli Film Festivalı”na ümumilikdə 371 müraciət olub. Onlardan müsabiqənin şərtlərinə uyğun 152 sənədli film seçilərək festivala qəbul edilib. Festivalın 41 nəfərdən ibarət münsiflər heyətinin rəhbəri türkiyəli rejissor Ferda Gürcandır.
Mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayişi planlaşdırılır. İlk nümayişin oktyabrın 25-də Bakı Dövlət Universitetində keçirilməsi nəzərdə tutulur.
Tədbir əsnasında rejissor Tahir Tahiroviçin təşəbbüsü ilə “Azərbaycanfilm” kinostudiyasının yaranmasının 100 illiyi münasibətilə özündə filmlərimizdən fotoşəkilləri əks etdirən sərgi açılıb.
"Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Bakının mərkəzində illərdir gizli qalan tarixi abidə
- Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ
- COP29 çərçivəsində Azərbaycan pavilyonunda "İqlim üçün mədəniyyət" adlı tədbir keçirilib
- Mədəniyyət naziri Adil Kərimli türkiyəli həmkarı ilə görüşüb
- "CineMastercard" kinoteatrında "Tağıyev: Neft" filminin təqdimatı keçirilib
Rəylər