Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
TÜRKSOY-un baş katibi: "Təşkilatımız Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlaşır"
"TÜRKSOY Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlıq mərhələsindədir".
Bunu "Report"un Ankara bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.
O xatırladıb ki, bir ay sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə görüşü keçiriləcək:
"Bu, Türk dünyasının daha da gücləndirilməsi adına çox gözəl təşəbbüsdür. Biz hazırda bu toplantıya hazırlaşırıq".
Sultan Raev bildirib ki, ICESCO tərəfindən "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı keçiriləcək tədbirlərə TÜRKSOY da qatılacaq: "İyul ayının əvvəllərində Şuşa Qlobal Media Forumu keçiriləcək ki, bu tədbirdə də iştirak üçün hazırlıqlar görürük".
S.Raev Azərbaycanın TÜRKSOY-un fəaliyyətlərində ən aktiv iştirakçı olduğunu təqdir edib: "Azərbaycan TÜRKSOY-un lokomotivlərindən biridir və təşkilatımızın tədbirlərində fəal iştirak edir".
TÜRKSOY rəhbəri Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində qurulan Azərbaycan Mədəniyyət Mərkəzi ilə də əməkdaşlıq qurmaq niyyətinin olduğunu bildirib.