Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təhsil haqqını ödəmədiyi üçün toylara getməyə məcbur oldu, gizli eşq yaşaması barədə şayiələr yayıldı...- FOTO
Kulis.az müğənni, Əməkdar artist Lalə Məmmədova haqqında maraqlı faktları təqdim edir.
Lalə Məmmədova 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası professor, anası isə orta məktəb müəlliməsi olub. Ailədə beş bacı olublar. Lalənin atası muğamları çox sevib. O, hər dəfə muğamata qulaq asanda, Lalə də onunla birgə dinləyib. İlk konserti də elə həyətdə məhəllə uşaqlarının qarşısında baş tutub.
Müğənni 1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə gedib. 8 yaşında qəzetlərin birində Bülbül adına musiqi məktəbinə uşaqların qəbulu haqqında elan oxuyub. Lalə ailəsindən ehtiyat edərək musiqi üzrə təhsil almaq istəyini ailəvi dostları olan Kifayət Gəncəliyə deyib. Kifayət xanım Lalənin valideynləri ilə danışandan sonra Lalə Bülbül adına musiqi məktəbinə gedib.
İmtahanda onu dinləyənlər arasında Şövkət Ələkbərova da olub. Lalə muğam sinfinə daxil olub. Şövkət Ələkbərova Laləni dinləyəndən sonra ona deyib ki, sənin yaxşı səsin var, amma hələ çiydir. İmkan olanda, mənim dərslərimə gəl. İki ay Lalə Şövkət xanımın dərslərinə gedib, ancaq sonra orta məktəb dərslərində gerilədiyi üçün valideynləri onu yenidən təhsil aldığı 172 saylı orta məktəbə qaytarıblar.
Lalə Məmmədova 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub. Arzu və potensial isə onu həmişə başqa bir səmtə çəkib. 1997-ci ildə Rafiq Babayev adına peşəkarlar studiyasında bəstəkar Siyavuş Kərimi ilə birgə işləməyə başlayıb.
2001-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın “solo oxuma” xanəndəlik sinfinə daxil olub. Burada Xalq artisti Ağaxan Abdullayevdən dərs alıb. 2011-ci il sentyabrın 15-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Lalə Məmmədova “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
2012-ci ildə Əməkdar artist Lalə Məmmədova Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. Bu gün məşhur estrada müğənnisi “Məktəb illəri, “Səs, “Bu şəhər ikimizə dar”, “Dəli eşq”, “Qızıl lalədir adım”, “Səni sevirəm” və s. mahnıları ilə məşhurdur.
Ona ən böyük uğuru isə “Məktəb illəri” mahnısı gətirib. Bu mahnı Lalənin vizit kartı hesab olunur. Bu günə qədər də məktəblərin ilk tədris ilində və “Son zəng”lərdə bu mahnı ifa olunur.
Müğənni həm də dissertasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.
Estrada müğənnilərindən Flora Kərimovadan sonra Lalə Məmmədova Opera teatrında Leyli obrazını canlandıran ilk müğənni olub.
Müğənni həmkarı Samirə Məmmədova ilə bilinməyən səbəblərdən iki ildən çox küsülü olub, amma hər iki musiqiçi bunu mediaya sızdırmayıb. Hətta eyni verilişlərə, konsertlərə birgə çıxıblar, ancaq bir-birilərini danışdırmayıblar.
Müğənninin anası onu heç vaxt dinləməyib. Hətta bəzən başqa müğənnilərlə qızının səsini səhv salırmış. Lalənin atası isə uzun illər altsheymer xəstəliyindən əziyyət çəkib. Bu barədə Lalə xanım müsahibələrinin birində deyib:
“Əvvəllər yaddaşı gedib gəlirdi. Sonra daha da kəskinləşdi. İndi mənim üçün çox ağrılıdır ki, sevdiyim bir insan məni tanımır. Mən valideynlərimlə bir evdə yaşayıram. Onların bütün yükü mənim üzərimdədir. Bəzən atam gecələr oyanır, mən onu ayaq səslərindən tanıyıram. Bilirəm ki, odur oyanan. Hərdən unudub öz otağına yox, başqa otaqlara girir. Anam da, mən də elə bilirik ki, bizim bir övladımız var. Onun ardınca gəzirik. Onun öz iş otağına girib rəfdəki kitabları dərk edə bilməməsi çox ağırdır. Halbuki o kitabların arasında atamın öz yazdığı kitablar da var. Bircə Sara Qədimovanın musiqilərini dinləyəndə başını yelləməyindən bilirəm ki, onun musiqilərini xatırlayır”.
Müğənni ilkin tələbəlik illərində təhsil haqqını ödəyə bilmədiyi üçün toya getməyə məcbur olub. O, bacısı ilə birgə toylara gedib, ailəsinin çətin günündə onlara dəstək olub. Anası buna qəti etiraz edib, “mən səni bunun üçün böyütməmişdim”, - deyib. Ancaq Lalənin atası onun yanında olub.
Lalənin həyat yoldaşı onların otuz illik ailə dostlarının oğlu olub. Lalə onunla bir həftə telefonla danışandan sonra görüşməyə razılıq verib. Bir müddət sonra onlar ailə qurublar. Müğənninin iki qız övladı dünyaya gəlib.
Lalə xanım “Çağdaş ədəbiyyatımızda Füzuli təsirinin əlaqəsi” adı ilə elmi iş müdafiə edib. Milli Konservatoriyada ingilis dilindən dərs deyib.
Bir müddət sonra Lalə Məmmədova həyat yoldaşı ilə yollarını ayırıb. Bu barədə müsahibələrinin birində deyib:
“Mənim qızım hələ bizim onun atası ilə ayrılıq səbəbini bilmir. Böyüyəndə onu başa salacağam. Mən ataları ilə görüşə qadağa qoymamışam, amma qarşı tərəf maraqlı deyil bu məsələdə. O, övladlarını dolandırmaq üçün aliment verməlidir, amma vermir. Əksinə, efirlərə çıxıb danışır. Düşünmür ki, sabah onun qızlarına elçi gələcək”.
Boşanmadan sonra isə müğənni haqqında ən çox yayılan şayiələrdən biri onun gizli eşqinin olması və bunu hamıdan gizlətməsi olub. Bu barədə o, özü deyib:
“Özəl şeylərdir. Arada olur elə paylaşımlar. Bu, mənim özəl həyatımın bir hissəsidir. Arada hekayə bölümündə müəyyən bir qığılcımlar olanda paylaşıram. Şükürlər olsun ki, hər şey gözəldir. Gözmuncuğum olsa idi, yanıma düzərdim”.
Rəylər