Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Sənədsiz" oxuyanlar: "Heç kim adamlara əmr verə bilməz"
Azərbaycanda müğənnilik sənəti ilə məşğul olanların sayında son vaxtlar kəskin artım müşahidə olunur. Lakin keyfiyyət baxımından vəziyyət heç də ürəkaçan deyil. Ölkədə kifayət qədər istedadlı və peşəkar müğənnilər olsa da, zövqümüzü köhnə ritmlər, retro mahnılar oxşayır. Yeni hitlər qəhətə çıxıb. Amma restoranlarda, demək olar, hər gün bir müğənni peyda olur.
Maraqlıdır, müğənnilik sənətini təsdiq edən sənəd varmı? Yaxud da iaşə obyektlərində çıxış etmək üçün müqavilə bağlayarkən onlardan hansı sənədlər tələb olunur?
Xalq artisti, müğənni Flora Kərimova bu mövzu ilə bağlı fikirlərini Oxu.Az-la bölüşüb. O qeyd edib ki, yaxşı və ya pis ifanı dinləyici özü seçməlidir və heç kim ona bu işdə əmr verə bilməz:
"Keyfiyyətsiz müğənnilərin məşhurlaşmasında TV kanallarının böyük rolu var. Sənəti öz mənfəətlərinə qurban verirlər. Savadsız, istedadsız adamları reklam edərək onlardan çox böyük miqdarda pul alırlar. Təbliğat düzgün aparılsa, səhnədə keyfiyyətli müğənnilər yer alar.
Restoranlarda ifa edən bayağı müğənnilərin də bacarığı budur, ailələrinə çörək qazanırlar. Mən çıxışımla onları gözdən salsam, Allaha qarşı çıxmış olaram. Mənim peşəmin səviyyəsini elə müğənnilərdən tələb etmək doğru deyil".
Maraqlıdır ki, sovet dönəmində müğənnilərə xüsusi sənəd verilirmiş və onlar kateqoriyalara bölünürmüşlər. Flora Kərimova da gəncliyində belə bir sənəd alıb:
"Bizə dövlət qurumu o sənədi vermişdi. Kateqoriyalar var idi: birinci, ikinci və üçüncü. Həmin vaxtlar tanışlıq işə yarayırdı deyə ağzını aça bilməyən, musiqidən anlayışı olmayan zəif müğənnilər daha yuxarı kateqoriyada yer alırdılar. Ancaq məni illərlə yuxarı kateqoriyadan uzaq tutdular. Ən yüksək qrupda yer alan müğənni bir ifaya görə 160 manat 50 qəpik alırdı. O vaxtlar məni səhnədən çıxarırdılar, qadağa qoyurdular. Çörəklərinə bais olmamaq üçün ağzımı aça bilmirdim".
Bu gün isə vəziyyət daha fərqlidir. Mədəniyyət Nazirliyindən Oxu.Az-a verilə məlumata görə, hazırda müğənnilərə hansısa xüsusi sənəd verilmir:
"Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbələrinin diplomları rəsmi sənəddir. Nazirlik bütün oxuyanlara nəzarət edib sənəd təqdim edə bilməz. Dinləyici özü seçim edir".
Aqil Vəlili
Rəylər