Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İspaniyada müsabiqədə birincilik qazanan gənclər: "Azərbaycan musiqisinin gücünü göstərdik"
"Fiestalonia Mileno" müsabiqəsi hər il dünyanın müxtəlif ölkələrindən istedadlı sənətçiləri bir araya gətirən beynəlxalq bir yarışdır. Bu müsabiqə musiqi, rəqs və digər performans sənətləri sahəsində müxtəlif kateqoriyalarda yarışlar təşkil edir. Hər müsabiqə yüksək peşəkarlığa malik münsiflər heyəti tərəfindən qiymətləndirilir. Bu il İspaniyanın Barselona şəhərində keçirilən "Fiestalonia Mileno" müsabiqəsində azərbaycanlı ifaçılar Mehdi Rzayev və Anar Vəlizadə Azərbaycan musiqisini təmsil edərək birincilik qazanıblar.
Səhnə adı "KARAN" olan Mehdi Rzayev öz bəstəsi olan əsərini pianoda uğurla ifa edərək solo kateqoriyada birinci yerə layiq görülüb. Anar Vəlizadə isə "Eastern Breeze" adlı öz bəstəsini "KARAN" ilə birlikdə "Madness Music Group" adı altında ifa edərək qrup kateqoriyasında birinci yer nominasiyasına layiq görülüb. Bu uğurlu çıxışları nəticəsində "KARAN" və Anar həm kubok, həm də İspaniya Krallığının şəxsi möhürü ilə təsdiqlənmiş diplomlarla təltif ediliblər.
"Report" yarışda uğur qazanan gənclərlə müsahibəni təqdim edir:
- Zəhmət olmasa, özünüzü təqdim edin.
Mehdi: "Mən caz pianoçusu və elektro musiqiçi Mehdi Rzayevəm. Səhnə adım "KARAN"dır. Masallı rayonunda musiqiçi ailəsində anadan olmuşam. Yeddiillik musiqi məktəbini bitirib daha sonra Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsinə fortepiano fakültəsinə daxil olmuşam".
Anar: "Mənim adım isə Anar Vəlizadədir. Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistratura pilləsini bitirmişəm. Təhsil sahəsində öz inkişafımı musiqi ilə bağlı davam etdirmişəm. Musiqiyə olan həvəsim, xüsusi olaraq Azərbaycan musiqi aləti olan balabanda ifa etməyə yönəlib. Ənənəvi musiqi alətlərimizdən biri olan balabanda ifa etməyi dünyaya tanıtmaq və onu təkmilləşdirmək arzusu ilə öyrəndim".
- Bu peşəyə olan marağınız necə yaranıb?
Mehdi: "Musiqiyə və ifaçılığa olan marağım kiçik yaşlarımdan yaranıb. Musiqi hər zaman mənim üçün bir ifadə vasitəsi olub, insanların duyğularına toxunmaq və fərqli bir dünya yaratmaq üçün güclü bir yoldur. Bu sənətə marağım illər keçdikcə daha da artdı və bu gün professional musiqiçi olaraq fəaliyyət göstərmək qərarına gəldim".
Anar: "Musiqiyə olan marağım lap uşaqlıq illərimdən formalaşmağa başlayıb. Əvvəlcə nağaraya böyük həvəsim var idi və bu alətdə 9 il ifa etdim. Sonralar isə seçimimi balaban üzərində cəmləyərək, bu alətlə öz yolumu davam etdirdim. Balabanın səsi məndə dərin, xüsusi hisslər oyadırdı, bu alətdə özümü ifadə etmək istəyirdim. Balabanın Azərbaycan mədəniyyətindəki yerini və dərin emosional çalarlarını daha çox insana çatdırmaq arzusu məni bu sahədə daha da irəliyə getməyə ruhlandırdı".
- Bu günə qədər hansı müsabiqələrdə iştirak etmisiniz?
Mehdi: "İndiyə qədər bir çox beynəlxalq və yerli müsabiqələrdə iştirak etmişəm. Onların hər biri mənim üçün böyük təcrübə və öyrənmə imkanı yaradıb. Sonuncu dəfə Amerikada keçirilən "Djooky Music Awards"da iştirak etdim və 120 ölkə arasında caz və bluz janrında qalib gəldim. Bu uğur mənim üçün həm böyük şərəfdu".
Anar: "2018-ci ildən bir çox yerli və beynəlxalq müsabiqələrdə iştirak edərək birinci yerə layiq görülmüşəm. 2018-ci ildə İtaliya və Azərbaycanın birgə layihəsi olan "Testene Art Baku" müsabiqəsində də birinci oldum. ABŞ-nin Nyu-York şəhərindəki "Karnegi Holl"da keçirilən "International Music Talent Competition Fall-2018" və "World Harmony" musiqi yarışlarında "1-ci yer"ə layiq görülərək diplom və medalla təltif olunmuşam. Şuşada keçirilən Bülbülün 125 illiyinə həsr olunmuş "Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi"ndə qalib oldum və bu, qürurverici idi. Bu müsabiqələrdəki uğurlarım mənim üçün yalnız şəxsi nailiyyət deyil, eyni zamanda Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması baxımından da önəmlidir. Müxtəlif yerli və beynəlxalq müsabiqələrdə balaban ifası ilə çıxış edərək, Azərbaycan musiqisinin təmsilçisi kimi uğurlar əldə etmişəm, bu da mənim üçün böyük qürur mənbəyidir".
- Sonuncu dəfə qalib olduğunuz müsabiqə barədə məlumat verərdiniz?
Mehdi: "Sonuncu dəfə bir neçə gün əvvəl İspaniyanın Barselona şəhərində keçirilən müsabiqədə həm solo ifa, həm də dostum Anar Vəlizadə ilə etdiyim qrup ifası ilə qalib olduq. "Fiestalonia Mileno" müsabiqəsi hər il dünyanın müxtəlif ölkələrindən istedadlı sənətçiləri bir araya gətirən beynəlxalq bir yarışdır. Bu müsabiqə musiqi, rəqs və digər performans sənətləri sahəsində müxtəlif kateqoriyalarda yarışlar təşkil edir. Hər müsabiqə yüksək peşəkarlığa malik münsiflər heyəti tərəfindən qiymətləndirilir. "Fiestalonia Mileno" iştirakçılara beynəlxalq səviyyədə tanınmaq və musiqi dünyasında özlərini sübut etmək imkanı yaradır. Müsabiqə, həmçinin mədəniyyətlərarası əlaqələri gücləndirmək və musiqi vasitəsilə ölkələr arasındakı dostluğu təşviq etmək məqsədini daşıyır. Biz də Anarla bu müsabiqəyə qatılmaq qərarına gəldik. Mən öz bəstəm olan "A Waltz" ilə yanaşı, məşhur amerikalı caz pianoçusu "Chick Corea"nın "Got a Match?" əsərini pianoda ifa etdim və solo kateqoriyada birinci yerə layiq görüldüm".
Anar: "İspaniyada keçirilən möhtəşəm musiqi yarışında dostum "KARAN" ilə birlikdə balaban və pianino ifalarımızla birinciliyi qazanmaq şərəfinə nail olduq. 15 ölkənin, o cümlədən Ermənistanın 8 ifaçısının iştirak etdiyi bu yarışmada qələbə qazanmaq bizim üçün böyük bir uğurdur! Azərbaycan bayrağını dalğalandırıb və balabanı da möhtəşəm səhnələrdə səsləndirməyə davam edəcəyik. Bu yarış mənim üçün xüsusi bir əhəmiyyət daşıyır, çünki həm şəxsi, həm də milli musiqimizi tanıtmaq imkanı yaratdı".
- Azərbaycanı təmsil edərək qalib olmaq necə hissdir?
Mehdi: "Azərbaycanı təmsil edərək qalib olmaq möhtəşəm bir hissdir. Orada özümüzü sanki çiyin-çiyinə mübarizə aparan əsgərlər kimi hiss edirdik. Vətənimizin adını yüksəltmək və öz mədəniyyətimizi dünya səhnəsinə çıxarmaq qürurvericidir. Yarışda ermənilər də iştirak edirdilər. Səhnəyə çıxarkən sanki bir döyüş meydanında idik. Buna baxmayaraq, erməni iştirakçılardan gələn aqressiv təzyiqlər bizə təsir göstərmədi. Əksinə, səhnədə əsl mübarizənin nə olduğunu nümayiş etdirdik və Azərbaycan musiqisinin gücünü göstərdik".
Anar: "Azərbaycanı təmsil edərək qalib olmaq böyük fəxr və qürur hissi yaradır. Bu, mənim üçün təkcə şəxsi qələbə deyil, eyni zamanda, Azərbaycan mədəniyyətini və musiqisini dünya səhnəsində təqdim etmək üçün bir imkandır. Hər ifada ölkəmin ruhunu və ənənələrini çatdırmağa çalışıram və belə uğurlar məni daha böyük məqsədlər üçün ruhlandırır".
"Report İnformasiya Agentliyi" teqi üzrə xəbərlər
- "Report" İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir
- Ermənistanın müttəfiq axtarışı: Fransa, yoxsa Türkiyə?
- Paşinyanın "Sülh qovşağı": Erməni xalqı üçün növbəti iqtisadi avantüra
- "Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb
- Sammitdə soyuq qarşılanan Paşinyan - Ermənistanın Frankofoniya fiaskosu
Rəylər