Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu gün Vaqif İbrahimoğlunun anım günüdür
Bu gün Azərbaycan novator teatr rejissoru Vaqif İbrahimoğlunun anım günüdür.
Oxu.Az-ın məlumatına görə, O, 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub.
1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib.
Rejissor 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb.
O, 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb.
V.İbrahimoölu 1989-cu ildən “Yuğ” Teatrının bədii rəhbəri vəzifəsində çalışıb, 1992-ci ildə “Yuğ” Teatr-Studiyası dövlət statusu alıb.
Rejissor “Yuğ” teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş verib.
22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alıb.
Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə ağciyər xərçəngi səbəbindən Bakıda vəfat edib.
2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu” adlı eksperimental tamaşalar festivalı keçirilib.
Rəylər