Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Bakı Payızı” müsabiqəsinin ikinci turunda 45 vokalçı yarışır - FOTO
“Bakı Payızı” istedadlar müsabiqəsinin ikinci turunda 45 vokalçı yarışır.
“Report” xəbər verir ki, onlar səhnədə xarici mahnılardan ibarət kompozisiyalar səsləndirirlər.
“Bakı Payızı” istedadlar müsabiqəsinin münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, Əməkdar artist Emil Əfrasiyab, Əməkdar incəsənət xadimi Ülviyyə Könül, prodüser, “Xəzər” televiziyasının baş direktoru Murad Dadaşov, bəstəkar İsa Məlikov, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Əməkdar artist Rain Sultanov təmsil olunurlar.
Qeyd edək ki, iyunun 28-də Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Bakı Payızı” istedadlar müsabiqəsinin ilk turu keçirilib. Bu turda 13 musiqi qrupu milli mahnılardan ibarət kompozisiyalarla yarışıblar. İstedadlı vokal ifaçıları öz istedadlarını göstərmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında əllərindən gələni edib, müsabiqəyə böyük maraq və həvəs nümayiş etdiriblər. Musiqi qrupları ilk turda Azərbaycan dilində, ikinci turda isə xarici dildə musiqilərlə çıxış edəcəklər. Bu turlardan sonra yay ayları ərzində qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı” adlı konsertdə elan olunacaq.
Musiqi və bədii təəssüratların yaradılması, bu əsasda musiqi mədəniyyətinin, üslub, ritm və ansambl hisslərinin inkişafı builki payızın əsas tədbirinə - “Bakı Payızı 2023 - 35 il sonra” istedadlar müsabiqəsinə peşəkar hazırlığın mühüm tərkib hissəsi olacaq.
Tədbir iyulun 1-dək davam edəcək.
Xatırladaq ki, ötən gün vokalçılar arasında keçirilən müsabiqənin ilk turu keçirilib. Müsabiqə iştirakçıları Azərbaycanın bəstəkar musiqilərini və milli mahnıları səsləndiriblər.
Rəylər