Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Albanların tikdiyi, pravoslavlara qismət olduğu deyilən məbəd: "Ev sahibi" indi göyərçinlərdir
Azərbaycanın Zaqatala şəhərinin tam mərkəzində baxımsız bir kilsə var. Onun durumu şəhər sakinlərini çox narahat edir.
Oxu.Az-ın əməkdaşı həmin kilsənin vəziyyəti ilə bağlı reportaj hazırlayıb.
Azərbaycan, bəlkə də, dünyada yeganə ölkədir ki, multikultural dəyərlərə bu qədər önəm verir. Burada bütün xalqların dinlərinə, dillərinə, mədəniyyətlərinə hörmətlə yanaşılır. Ölkə ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri dini etiqadlarını qoruyaraq, ayinlərini, mərasimlərini rahatlıqla həyata keçirirlər. Bundan ötrü məscidlər, kilsələr, sinaqoqlar və digər məbədlər eyni səviyyədə bütün inanclıların üzünə açıqdır.
Əgər multikulturalizmi qeyd edirəmsə, əlbəttə, ağlıma ilk olaraq Zaqatala rayonu gəlir ki, müxtəlif xalqların ən çox cəmləşdiyi bölgə məhz buradır. Bura həm də tarixi ilə fərqlənir. Ərazidə 108 abidə qeydə alınıb və onlar hazırda dövlət tərəfindən qorunur. Pəri qalası, Armatay qalası, Şeytan qalası, Cingözqala, Zaqatala qalası, qədim məscidlər, alban məbədləri, kilsələr və sair regionun tarixinin çox qədimlərə dayandığını sübut edir.
Zaqatala şəhərinin mərkəzində - Qala divarlarının aşağısındakı yarğanın üstündə, Dədə Qorqud meydanının tam yaxınlığındakı kilsə diqqətimi cəlb edir. Kilsə meydandan çox əzəmətli görünür. Lakin yaxınlaşdıqca təmirsiz, baxımsız görkəmi məyus edir. Məlumata görə, bina 1830-cu ildə inşa edilib, XIX əsrə aid rus pravoslav kilsəsi kimi qeydiyyata alınıb və 1953-cü ilədək kilsə kimi fəaliyyətdə olub. Deyilənlərə görə, burada, əsasən, Qalada xidmət edən rusiyalı əsgərlər ibadət edirmişlər.
Yerli sakinlərin çoxu ona "alban kilsəsi" deyir. İddialara görə, hazırda dağılmaqda olan kilsə IV-V əsrlərdə inşa olunmuş alban məbədinin qalıqları üzərində tikilib. Bunu araşdırmaq, əlbəttə ki, alimlərin işidir. Amma düşünürəm ki, kilsənin içində və ətrafında arxeoloji qazıntılar aparmaq zəruridir. Bu, kilsənin müəmmalı olan əsl keçmişini, həmçinin tariximizin bizə məlum olmayan müəyyən bir dövrünün mədəniyyətini aça bilər.
Divarına "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi - Yerli əhəmiyyətli memarlıq abidəsi - Kilsə, 1830-cu il, İnventar № 5210" lövhəsi vurulan kilsə-məbəd, yerli sakinlərin sözlərinə görə, ölçü və memarlıq üslubu baxımından digərlərindən fərqlənir. Həmçinin, qırmızı kərpicdən inşa edilmiş məbəddəki bir sıra elementlərin sonradan əlavə edilməsi məlumdur. Amma təəssüf ki, əzəmətli, üçmərtəbəli zalı zəng qülləsi ilə tamamlanan bu məkan tamamilə baxımsız vəziyyətdədir. Fasadı qopub-tökülüb, pəncərələri çoxdan sınıb, döşəməsindən əsər-əlamət qalmayıb.
Kilsənin əsas girişi dəmir barmaqlıqla bağlı olsa da, arxa tərəfindəki qapısı açıqdır. Oradan içəri keçirəm. İçərisi xarablığa çevrilmiş kilsənin fərqli, bir qədər sehrli ab-havası var. Tam mərkəzdə dayanıb tavanın ən yüksək nöqtəsinə baxıram. Gözlərimi yumuram, sanki ayaqlarım yerdən çəkilir, özümü çəkisizlikdə hiss edirəm. İnsan burada başqa bir aləmə düşür. Amma gözlərimi açan kimi divarlardakı, geniş sütunlardakı yazılar - sevgi etirafları, müxtəlif sitatlar, şəkillər, "ürək"lər insanı o yüksəklikdən yerə çırpır. Bayaq qeyd etmişdim ki, kilsə zəng qülləsi ilə tamamlanır. Həmin qüllənin günbəzi də uzun zamandır ki, yoxdur. Onun yerində ağaclar, kol-kos bitib. Qüllədə göyərçinlər yuva salıblar. Onlar mənim kimi gəlib-gedənləri həyəcanla qarşılayır, narahat baxışlarla izləyir, oradan çıxandan sonra sanki rahatlıq taparaq uçub şüşəsiz pəncərələrə qonurlar.
Məbədlə Qala divarının arasında meydança var. O meydançanın da divarları qırmızı kərpiclə hörülüb, beton plitələrlə bərkidilib. Yerli sakinlərdən yaşı səksəni haqlamış Qüdrət Kərimov deyir ki, sovet dönəmində bu yerdən yay kinoteatrı kimi istifadə edirmişlər. O, həmçinin bildirir ki, uşaqlığından bu kilsənin təmirli, abad vaxtını görməyib.
Bütün bunların fonunda kilsənin bu vəziyyətdə qalması insanı kədərləndirir. Əslində, kilsə bərpa olunsa, buraya gələn turistlər üçün ziyarət etməyə əhəmiyyətli məkanlardan biri olar. Bu cür gözəl şəhərin tən ortasında müdrik qoca kimi dayanan kilsənin taleyi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edirəm.
"Zaqatala rayonunda yerləşən kilsə yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir. Rayon mərkəzində yerləşən kilsənin mühafizəsinə xüsusi nəzarət olunur.
Həmin kilsənin bərpa olunması məsələsi də gündəmdədir. Tarixi tikili bərpa olunması məqsədilə dövlət büdcəsində dövlətəsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.
Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.
Həmin kilsənin də investisiya layihələrinin icrası çərçivəsində bərpası nəzərdə tutulur", - deyə qurumdan bildirirlər.
Nə deyək? Gözləyək, görək kilsə nə vaxt bərpa olunacaq...
Xanım Aydın
"Zaqatala rayonu" teqi üzrə xəbərlər
- Zaqatalada 37 yaşlı kişi iynədən ölüb?
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü
- Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib
- Rusiyada tikintidə yıxılaraq ölən zaqatalalı fəhlənin kimliyi məlum olub
- Zaqatalalı gənc Rusiyada 25-ci mərtəbədən yıxılıb öldü
Rəylər