Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ağıl, təhsil və pul: Sadə hindistanlı ailədən olan Rişi Sunakın Britaniya tarixində ilkləri
Böyük Britaniya parlamentinə keçirilən seçkidə Leyboristlər Partiyası qalib gəlib. Bundan sonra hakim Mühafizəkarlar Partiyasının lideri, Baş nazir Rişi Sunak vəzifəsini tərk edəcəyini təsdiqləyib.
Bəs Rişi Sunak kimdir, bu vəzifəsinə kimi hansı yollardan keçib?
Rişi Sunak 19-cu əsrin əvvəllərindən bəri Britaniya hökumətinin başında duran ən gənc siyasətçidir. 12 may 1980-ci ildə İngiltərənin Hempşir qraflığında dünyaya gələn Sunak hökumət başçısı təyin olunduğu zaman cəmi 42 yaşında olub.
O, həmçinin ölkə tarixinin ilk hindistanlı hökumət başçısıdır. Siyasətçinin əcdadları Britaniya müstəmləkəsi dövründə Hindistanın ən kasıb bölgələrindən sayılan Pəncabdan olublar. XX əsrin əvvəllərində onlar Şərqi Afrikadakı Britaniya müstəmləkələrinə köç ediblər. Rişinin atası Yaşvir Keniyada doğulub və həkim olub, Tanqanikada dünyaya gələn anası Uşa isə kiçik bir aptekdə əczaçı işləyib. Sunaklar ailəsi statuslarını yüksəltmək ümidi olmayan "orta sinif"ə aid olublar.
Sunak hələ məktəbdə oxuyarkən istedadını nümayiş etdirib, ən yaxşı şagirdlərdən biri olub. Sonra o, nüfuzlu Vinçester Kollecini bitirib, burada siyasətlə ciddi maraqlanmağa başlayıb. Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat oxuyub. 2006-cı ildə ABŞ-nin Stanford Universitetində biznes idarəçiliyi üzrə magistr dərəcəsi alıb.
2001-2004-cü illər arasında Rişi Sunak ABŞ investisiya bankı "Goldman Sachs"da analitik kimi çalışıb. Bundan əlavə, siyasətçinin peşəkar karyerasında bir neçə Britaniya hedj fondunda və investisiya şirkətində fəaliyyət də var.
Siyasətçinin həyat yoldaşı Akşata Murti hindistanlı milyarder Narayan Murtinin qızıdır. Sunak və xanımı Böyük Britaniyanın ən varlı insanlarının siyahısında 222-ci yeri tuturlar (cütlüyün ümumi sərvəti 730 milyon funt sterlinq qiymətləndirilir).
Rişi və Akşatanın iki qızı var: Krişna və Anuşka.
2015-ci ilin mayında gənc siyasətçi Mühafizəkarlar Partiyasından Britaniya parlamentinin İcmalar Palatasının üzvü olub. Rişi Sunakın karyerasının yüksəlişi 2019-cu ildə qalmaqallı Baş nazir Boris Consonun Britaniya hökumətinə rəhbərlik etdiyi dövrdə baş verib, o, Sunakı Xəzinədarlığın (maliyyə nazirliyi) baş katibi vəzifəsinə təyin edib.
Consonun istefasından sonra Sunak Baş nazir vəzifəsinə namizədlərdən biri olub, lakin nəticədə mübarizədə Liz Trassa uduzub. Trass isə ənənənin əksinə olaraq, ona öz kabinetində yer təklif etməyib. Üstəlik, o, hökumətdən Sunakın bütün tərəfdarlarını uzaqlaşdırıb.
Lakin Liz Trass bu vəzifədə təxminən bir ay qaldıqdan sonra baş nazir vəzifəsindən istefa verib. Nəticədə, 24 oktyabr 2022-ci ildə Rişi Mühafizəkar Partiyanın yeni lideri olub. Bir gün sonra Sunak Bukingem sarayında Kral III Çarlzla görüşüb, monarx onu baş nazir təyin edib və hökumət qurmağı tapşırıb.
İki il sonra - 2024-cü il iyulun 4-də Böyük Britaniyada keçirilən parlament seçkisində isə Sunakın partiyası leyboristlərə məğlub olub. Leyboristlər səsvermənin nəticələrinə görə, 331 parlament mandatı qazanıblar. Mühafizəkarlar Partiyası 72 yer əldə edib.
Qeyd edək ki, ölkənin qanunlarına görə, qalib partiyanın lideri Böyük Britaniyanın baş naziri olur və daha sonra o, hökuməti formalaşdırır.
Hazırladı: Emilya Tağıyeva