Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Səfirliyimizə hücum, deputatın güllələnməsi, “Nərmin işi”ndə son pərdə, rektorun qətlindəki sirr - FOTO/VİDEO
2023-cü ilin tarixə qovuşmasına sayılı saatlar qalıb. Bu il nə qədər yaxşı xəbərlər olsa da, kriminal hadisələr də baş verib.
Tehrandakı səfirliyimizə hücum, qumbara partladan, keçmiş və ya indiki arvadlarını, sevgililərini və onların övladlarını öldürənlər, deputatın güllələnməsi kimi xəbərlər mediada böyük əks-səda doğurub.
Oxu.Az ilin kriminal yekununu təqdim edir:
İrandakı səfirliyimizə qarşı böyük təxribat
Dəhşətli hadisələrdən biri ilin elə ilk ayında baş verib.
Belə ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev - hücumun qarşısını alarkən yaralanıb.
Cinayəti İran vətəndaşı, İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) qovulmuş Yasin Hüseynzadə törədib.
Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev isə bu il ərzində bir neçə dəfə əməliyyat olunub.
İran tərəfi hələ də hadisəni törədən şəxsə cəza verməkdən boyun qaçırmaq istəyir. Lakin Azərbaycan tərəfi israrla tələb edir ki, cinayətkar layiq olduğu cəzanı almalıdır.
Azərbaycan bildirir ki, həmin terror hadisəsini törədən şəxsə uyğun cəza verilsə, rəsmi Bakı Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edə bilər. Bununla yanaşı, Azərbaycan bir şərt də irəli sürür ki, onun İrandakı səfirliyinin təhlükəsizliyi Tehran tərəfindən yüksək səviyyədə təmin olunmalıdır.
Sevgilisinin qurbanı olan ana və qızı
İlin ikinci ayı başlayanda Bakının Sabunçu rayonunda qadının sevgilisi tərəfindən bıçaqlanması, onun qızının zorlanaraq öldürülməsi xəbəri cəmiyyəti silkələdi.
Hadisənin təfərrüatına gəlincə, fevralın 2-də, gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib.
O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb. Z.Babayev daha sonra qurbanlarının hər ikisini bıçaqlayıb. Tibbi müdaxilələrə baxmayaraq, 14 yaşlı yeniyetmə ölüb.
Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 149 (Zorlama), 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri üzrə ittiham irəli sürülüb.
Oktyabr ayında Z.Babayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Məhkəmənin hökmü ilə ikiqat qətl törədən Zaur Babayev dəmir barmaqlıqlar arasında ömürlük qalacaq.
Əlbir olan bir qrup şəxsin marketə hücumu
Yaddaqalan hadisələrdən biri 2023-cü il mart ayının 4-də baş verib. Həmin gün günorta saatlarında qabaqcadan əlbir olan bir qrup şəxs Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birinə silahlı hücum edib.
Onlar bir nəfər öldürüb, iki nəfəri yaralayıblar.
Silahlı basqın zamanı hipermarketdə quraşdırılmış banklardan birinə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib.
Onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə öldürülüb və külli miqdarda pul vəsaiti ələ keçirilib.
Cinayət işi üzrə toplanmış sübutlar əsasında altı nəfər, o cümlədən bir şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, üç şəxs eyni əməllərin törədilməsinə köməyə görə, bir şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməyə görə, bir şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. R.İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də, onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən “AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadıqları ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatı, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.
Həmin şəxslərin hansı maddələrlə ittiham edildikləri ilə bağlı ətraflı buradan oxuya bilərsiniz.
Deputata qarşı terror
Martın sonunda daha bir gözlənilməz hadisə baş verib. Burada hədəf Milli Məclisin deputatı Fazil Mustafa olub.
Belə ki, martın 28-də, saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Hadisəni törətməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb və istintaq davam etdirilir.
Qardaşının gözü qarşısında öldürülən azyaşlı
Bu ilin kədərli hadisələrindən biri də aprel ayında yeddi yaşlı uşağın müəllimi tərəfindən döyülərək öldürülməsi olub.
Belə ki, aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.
M.Xəlilov yeddi yaşlı uşaqla öz qardaşının gözü qarşısında xüsusi qəddarlıqla davranıb.
Vurğulayaq ki, qətlə yetirilənin anası məhkəmə prosesinin açıq keçirilməsinə etiraz edib...
“Nərmin işi”ndə son mərhələ
İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb.
2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
İlkin Süleymanov hökmdən narazı olub və dəyişdirilməsini istəyib. Yekun qərar verilməyib.
Meyxanaçı tanışını öldürdü
Bu ilin iyul ayında isə tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) hökm oxunub.
O, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 2022-ci ilin noyabrın 9-u saat 5 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
R.Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Prokurorluq binasından özünü atan qadın kimdir?
İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitini ələ keçirməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanova müqavilə əsasında xidmət göstərən vəkili Emin Atabəy oğlu Kiçikbəyovun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.
İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının ikinci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü atıb və nəticədə ağır xəsarət alıb.
T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili Tibbi Yardım Şöbəsinə çatdırılıb. Lakin ixtisaslaşmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
T.Aslanova əvvəl polis işçisi olub.
Əlində qumbara partladan
Sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndi ərazisində Həmid Gülməmmədov əlindəki qumbaranı partladıb.
Nəticədə üç nəfər kənd sakini - 1991-ci il təvəllüdlü Məqsəd Rzayev, 1992-ci il təvəllüdlü İlqar Cumayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq, H.Gülməmmədov həlak olub.
İllərin qisası, bir ailənin məhvi...
Bu ilin dəhşətli hadisələrindən biri də Sumqayıtda evə basqın oldu.
Belə ki, oktyabrın 28-də, saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində silahlı insident baş verib. Hücum edən şəxs 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və onun atası, 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu hadisə yerində öldürüb.
Suzannanın həyat yoldaşı, 1985-ci il təvəllüdlü Serkan Karakaş, anası, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, qonşuları - 1958-ci il təvəllüdlü Mehman Sarıyev və 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə xəstəxanaya yerləşdiriliblər.
Vəziyyəti ağır olan Türkiyə vətəndaşı Serkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb və bir müddət sonra vəfat edib.
Xatırladaq ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev saxlanılıb.
İlkin ehtimala görə, onun ailənin xaricdə yaşayan oğlu ilə ədavəti olub.
İşçisinin qətlini sifariş verən sabiq rektor
Bu ilin noyabr 16-da Azərbaycanda 12 il əvvəl prorektorun qətlini sifariş edən sabiq rektor saxlanılıb.
Belə ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixində qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə bu ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib.
Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, həbs olunana qədər isə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.
Daha sonra məlum olub ki, rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.
Yazdığımız hadisələrdən başqa, Azərbaycanda törədilmiş digər qətllərin əksəriyyəti kişilərin “namus” məsələlərinə canfəşanlıqla yanaşmaları ilə əlaqədardır. Bütün cinayətlərinsə bir ortaq nöqtəsi var: heç bir motiv kiməsə başqa birinin həyatını əlindən almağa haqq vermir.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
- Hipermarketə silahlı hücuma görə tutulan şəxs məhkəmədə ifadə verib
- Azərbaycanda prorektorun qətlini sabiq rektor sifariş edibmiş - RƏSMİ + FOTO
- Sumqayıtda silahlı hücumda qətlə yetirilən ata və qızı dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
- Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib - VİDEO
- İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
Rəylər