Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vüsal Qasımlı: "İqlim maliyyəsi bank sektorunun aktiv iştirakını tələb edir"
"İqlim maliyyəsi bank sektorunun aktiv iştirakını tələb edir".
Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
O vurğulayıb ki, inkişaf etmiş ölkələrin iqlim dəyişiklikləri ilə mübarizə üçün 1.15 trilyon ABŞ dolları həcmində vəsait ayırması zəruridir:
"Bu məbləğ iqlim dəyişikliyini 1.5 dərəcə ilə məhdudlaşdırmaq və davamlı inkişafı təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, hazırda dünyada hər il moda sənayesinə 2.4 trilyon ABŞ dolları, hərbi xərclərə 2.44 trilyon ABŞ dolları, qazıntı yanacağına isə 7 trilyon ABŞ dolları məbləğində subsidiyalar ayrılır. Eyni zamanda, dünyanın milyarderlərinin ümumi sərvəti 14.2 trilyon ABŞ dollarına çatıb".
V.Qasımlının sözlərinə görə, bu rəqəmlər qlobal iqtisadiyyatın böyük potensialını ortaya qoyur:
"Bakıda qəbul olunan COP29 iqlim konfransının qərarları təkcə dövlətlərin deyil, həm də özəl sektorun və bank sektorunun imkanlarını nəzərə alır. Bu yanaşma, COP29-un ən mühüm nailiyyətlərindən biridir", - deyə o əlavə edib.
Məhərrəm Əliyev