Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qış mövsümünə hazırlıqla bağlı suallar: "İstilik qiyməti, əslində, əhali üçün sərfəlidir"
Nazirlər Kabinetinin yeni qərarına əsasən, Tarif (qiymət) Şurası tərəfindən istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tarifləri müəyyən edilir. Yeni istilik mövsümündə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.
Qərara əsasən, qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb, bu səlahiyyət "Azəristiliktəchizat" ASC-yə həvalə olunub. Müvafiq istehlakçı qrupu üçün istilik təchizatı xidmətlərinə görə hesablaşmalar "Azəristiliktəchizat" ASC ilə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək.
Onu da qeyd edək ki, qeyri-əhali istehlakçıları "Azəristiliktəchizat" ASC-nin ümumi abonentlərinin 1,67%-ni, istilik təchizatı üzrə satışının isə 16%-ni təşkil edir.
Maraqlıdır ki, "Azəristiliktəchizat" mənfi xərclərini necə qaydasına salacaq? Qeyri-əhali qrupu üçün qiymətlərin tənzimlənməsi necə aparılacaq?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Oxu.Az-a danışıb. O, məsələni belə izah edib:
"İstilik təchizatı xidməti ilə bağlı qiymətlərin tənzimlənməsi məsələsi artıq Tarif Şurasından alınıb. Əvvəl Tarif Şurasında bütün istilik xidmətləri tənzimlənirdi. İndi isə iki yerə bölünüb: əhali, qeyri-əhali qrupu. Ümumi istilik tarifləri müəyyənləşdiriləndə əhalinin sosial vəziyyəti, imkanları diqqət mərkəzində olduğuna görə tariflər güzəştli olurdu. İndi isə əhali Tarif Şurasında qalır - burada sosial və humanitar məsələlər var. Amma qeyri-əhali qrupunda "Azəristiliktəchizat" xərclərinə uyğun olaraq qiymətlər nədirsə, onu təqdim etməlidir. Yəni dövlətin əhali qrupu üçün etdiyi güzəştlər qeyri-əhali qrupuna şamil olunmur. Qeyri-əhali qrupu real dəyəri ödəməlidir. Burada təqdim olunan xidmətin xərci və "Azəristiliktəchizat"ın bu işləri görməsi üçün mənfəət norması qiymətlərinə əlavə ediləcək.
Əhali qrupuna gəldikdə isə "Azəristiliktəchizat"ın mərkəzləşdirilmiş istilik sistemi ilə bağlı müəyyən problemləri var. Köhnə binalar var ki, faktiki olaraq qurumun o binalarda isitmə sistemləri fəaliyyət göstərmir və yenidən qurulmasına ehtiyac var. "Azəristiliktəchizat"ın infrastrukturu 1970-80-ci illər arasında formalaşan sistemdir. Bu infrastruktur müasir dövrün tələblərinə cavab vermir və itkilərə səbəb olur. Bəzən görürük ki, noyabrın 15-də qış mövsümü gəlsə də, istiliyi gec verirlər.
Əslində, "Azəristiliktəchizat"ın təqdim etdiyi istilik qiyməti əhali üçün sərfəlidir. Ancaq xidməti çatdıra bilməməsi problem yaradır. Bu qurum öz borclarını belə ala bilmir".
Məhərrəm Əliyev
"Azəristiliktəchizat ASC" teqi üzrə xəbərlər
- Samir Şərifov "Azəristiliktəchizat"ın qazanxanaları barədə: "Səmərəlilik olduqca aşağıdır"
- Bakıda ikiotaqlı mənzillərə istilik verilmir - İDDİA
- Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR
- Bu xəbərləri qaçırmayın: 07.11.2024-ün ən mühüm hadisələri
- Bakıda bəzi binalara tamamilə istilik VERİLMƏYƏCƏK - SƏBƏB