Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) on birinci günündə Yaşıl Zonada "İstehlakçılıqdan dövriyyəliliyə doğru irəliləyiş: resursların optimal istifadəsi və iqlim fəaliyyəti vasitəsilə israfçılığın aradan qaldırılması" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, Vüqar Hüseynovun moderatorluğu ilə keçən tədbirdə dairəvi iqtisadiyyatı inkişaf etdirmək üçün birgə səylərin əhəmiyyətindən danışılıb.
Əli Məmmədov, Süleyman Əliyev, Şirin Camallı, Gülnarə Aslanbəyli çıxış edərək, bildiriblər ki, bizneslər və istehlakçılar məhsulun uzunömürlülüyünü yaxşılaşdırmaq, məhsulun həyat dövrlərini yenidən nəzərdən keçirmək və resurs idarəçiliyini optimallaşdırmaq kimi dairəvi təcrübələri həyata keçirməklə sıfır tullantı hədəflərinə töhfə vermək baxımından böyük potensiala malikdirlər.
Qeyd edilib ki, bu təşəbbüslər, həddindən artıq istehlakın qarşısını almaq üçün birgə səylə yanaşı, resurs səmərəliliyinə keçidi sürətləndirə və məqsədyönlü qlobal iqlim fəaliyyətinə səbəb ola bilər.
Tədbirdə həddindən artıq istehlakın əsas səbəblərini aradan qaldıran, eyni zamanda dayanıqlı inkişafın və iqlim dayanıqlılığının əsas vasitəsi kimi dövriyyəni təşviq edən real ideyalar və həlləri vurğulanıb.
Həmçinin bizneslərin, bələdiyyələrin və digər maraqlı tərəflərin tullantıların idarə edilməsi əməliyyatlarını təkmilləşdirmək üçün necə əməkdaşlıq edə biləcəyinə diqqət yetirməklə, dəyər zəncirinin bütün səviyyələrində tərəfdaşlıq və əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Xanım Aydın