Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda pitaya və papaya yetişdiriləcək
Avokado, manqo, marakuya, taiti lime, qreyfrut, pomela, pitaya, papaya və banan... Xaricdən ölkəmizə idxal olunan bu meyvələr artıq ölkəmizdə də yetişdiriləcək.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə ayrılan 1 milyon manat güzəştli kredit hesabına Astara rayonunda 130 hektar ərazidə bağ salınır. İki mərhələdən ibarət layihə üzrə Astaranın Şüvü və Deqədi kəndləri ərazisində artıq 45 hektarda avokado, 10 hektarda yeni növ limon bağlarının salınması prosesi yekunlaşıb. Bir neçə ay əvvəl isə 2 hektar ərazidə banan ağacları əkilib.
Sahibkar Faiq Osmanlı bildirib ki, bağda soyuğadavamlı 3 növ banan tingi əkilib. "Açıq əraziyə uyğunlaşacağı təqdirdə biz böyük banan plantasiyaları salmaq niyyətindəyik. Banan indiyədək Azərbaycanda müxtəlif yerlərdə istixana şəraitində yetişdirilsə də, açıq sahədə bağ salınmayıb. Ümid edirəm ki, açıq sahədə banan yetişdirmək uğurlu olacaq və daxili bazarı bu məhsulla təmin edə biləcəyik. Təxmini hesablamalara görə, daxili bazar üçün 550 hektar banan sahəsi lazımdır. Belə olarsa, banan idxalının qarşısı da alınacaq", - deyə o əlavə edib.
Təsərrüfatda qurulan müasir sistem vasitəsilə açıq havada əkilən banan, manqo və avakado ağaclarını şaxtadan da qorumaq mümkün olacaq.
Daha iki tropik meyvə - pitaya və papaya isə istixana şəraitində yetişdiriləcək. Bu məqsədlə artıq tikinti işlərinə start verilib. İstixananın tikintisi 2 ay ərzində yekunlaşacaq və tinglər əkiləcək.
Faiq Osmanlı deyir ki, bağların qurulmasında, həm də müasir sistemlərin çəkilişində, texnika-aqreqat parkının əldə olunmasında dövlət də dəstək göstərir.
Onun sözlərinə görə, layihə uğurlu olarsa, tropik meyvə idxalından asılılıq minimuma enəcək və beləliklə ölkədən valyuta axınının qarşısı alınacaq.
Sahibkar gələn ildən bağdan əldə ediləcək meyvələrin satışına və ixracına başlamağı planlaşdırır.
"Sahibkarlığın İnkişafı Fondu" teqi üzrə xəbərlər
- KOBİA: "Orta və kiçik sahibkarlara verilən kreditlər azalıb"
- Sahibkarlığın İnkişafı Fondu nə üçün var? - Osman Xaliyev narazılıqlardan DANIŞDI
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik etdi
- Naxçıvan MR Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib
- Beşinci "Yerli şirkətlərin tanıtım sərgisi"nin yekunu münasibətilə axşam ziyafəti keçirilib