Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Google" üzərində tarixi qələbə
ABŞ-nin məhkəməsi "Google"un onlayn axtarış bazarında monopoliyasını saxlamaq üçün qeyri-qanuni hərəkətlər etdiyi barədə qərar çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
"Google" monopolistdir və monopoliyasını qoruyub saxlamaq üçün monopolist kimi çıxış edib", - deyə məhkəmənin verdiyi qərarda qeyd olunub.
ABŞ Ədliyyə Nazirliyi 2020-ci ildə şirkətə qarşı iddia qaldırıb. "Google" antiinhisar qanunlarını pozmaqda ittiham edilib. Qeyd olunub ki, "Google"un ana şirkəti "Alphabet Inc" digər texnoloji nəhənglərə öz axtarış sistemini smartfon və brauzerlərində standart seçim etmək üçün 26 milyard dollar ödəyib və bu, rəqiblərin bazarda uğur qazanmasına mane olub.
Məhkəmədə "Google"un daha yaxşı olduğu üçün qalib gəldiyini deyən şirkət nümayəndələri iddia ediblər ki, istifadəçilər onu faydalı hesab etdikləri üçün "Google"da axtarışa üstünlük verirlər.
ABŞ-nin baş prokuroru Merrik Qarland məhkəmədə "Google" üzərində qələbəni "tarixi" adlandırıb.
"Heç bir şirkət, nə qədər böyük və ya güclü olursa olsun, qanundan üstün deyil", - deyə o bildirib.
Qeyd olunub ki, bu qərar, hökumətin digər antiinhisar qərarlarına - məsələn, "Apple", "Amazon" və "Meta"ya qarşı böyük təsir göstərəcək. Texnologiya şirkətinə qarşı sonuncu antiinhisar qərar 26 il əvvəl - 1998-ci ildə "Microsoft"a qarşı qəbul edilib.
Hakim yaxın aylarda "Google"a qarşı tədbirlərə qərar verəcək. Şirkət əməliyyat təcrübələrini dəyişməyə və ya biznesin bir hissəsini satmağa məcbur ola bilər.
Rəylər