Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rəşad Sadıqov: "Cavab matçına hazırlaşmaq çətin idi"
"Növbəti mərhələyə yüksələ bilməsək də, qalib gəlməyimiz vacib idi".
Oxu.Az xəbər verir ki, bunu Konfrans Liqasının pley-off mərhələsində keçirilən "Zirə" - "Omoniya" (Kipr) oyunundan sonra mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov deyib.
"İlk dəqiqələrdən rəqib üzərində təzyiq yarada bildik. Cavab matçına hazırlaşmaq çətin idi. Birinci qarşılaşmada 0:6 hesabı ilə uduzmuşduq. Ancaq sona qədər mübarizə apardıq. Futbolçular çox yüklənmişdilər. Komandamı təbrik edirəm, onların oyunundan çox razı qaldım. Bizdə bəzən futbolu reallıqdan uzaq şəkildə şərh edirlər. Bu da bizim qərarlarımıza çox təsir edir. Beynimdən keçirdi ki, həmin oyuna daha ehtiyatlı bir sistemlə çıxaq. Ancaq iki mərhələdən sonra belə bir qərar çox məsuliyyətli ola bilərdi. Bunlar hamısı təcrübədir. Düşünürəm ki, düzgün təhlil etsək, 0:6 da bizim üçün böyük təcrübə idi. Növbəti mərhələyə yüksələ bilməsək də, qalib gəlməyimiz vacib idi".
Qeyd edək ki, Kiprdə 6 cavabsız qol buraxan "qartallar" Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Omoniya"nı minimal hesabla məğlub edib və yarışla vidalaşıblar.
Anar Həsənov
Rəylər