Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Neftçi”dən gözləntilər: Gec olsun, güc olmasın!
Azərbaycanda yayın ən dəbdə olan futbol klubu “Neftçi”dir.
Ölkəmizi avrokuboklarda təmsil edəcək “ağ-qaralar”la bağlı müzakirələr səngimir. Elə təəssürat yaranır ki, sanki klubda faciəvi situasiya yaranıb.
Həqiqətən, “Neftçi”də müəyyən yubanmalar mövcuddur, ancaq dərin təhlillər göstərir ki, problem heç də təqdim edildiyi qədər qorxunc həddə deyil.
Komanda iyulun 27-də Konfrans Liqasında ilk oyununu keçirəcək. “Flaqman” II təsnifat mərhələsində ya Belarus “Dinamo”su, ya da Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşacaq. İndiki halda belarusluların rəqib olması daha münasibdir. Çünki komanda ilk mərhələni adlayacağı təqdirdə ev oyununu da Bakıda, daha dəqiq desək, “Neftçi”nin rəqiblərini qəbul etdiyi “Bakcell Arena”da keçirəcək.
İstənilən halda, hansı komandanın ikinci raunda yüksəlməsinin fərqi yoxdur: “Neftçi” cütdə favoritdir. Bu fikri dəstəkləyən arqumentlərə keçməmişdən öncə əsas problemli mövzuya toxunaq.
Məsələ ondadır ki, “Neftçi”nin hələ baş məşqçisi yoxdur. Komanda Sankt-Peterburqdakı turnirə seleksiyaçı kimi çalışan məşqçilər - İqor Getman və Vadar Nuriyevin rəhbərliyi altında yollanıb.
Laurentsiu Regekampfla yollar iyunun 21-də ayrılıb. Həmin zaman türkiyəli Sergen Yalçın baş məşqçi postuna əsas namizəd olsa da, son məlumatlara görə, danışıqlar nəticə verməyib. Klub digər variantları nəzərdən keçirir. Yaxın günlərdə bu məsələnin həllini tapacağı gözlənilir.
Bəli, baş məşqçi ilə bağlı yubanma planların təxirə salınması ilə nəticələnir. Bu isə həm hazırlıq prosesinə mane olur, həm də yeni transferlərdə mücərrəd vəziyyət yaradır. Daha yaxşı ssenari indiyədək yeni çalışdırıcının komandanın başında olması və öz sistemini aşılamağa başlaması olardı. Hazırlıq prosesləri məhz bunun üçündür.
Lakin gələcək perspektivin daha düzgün qiymətləndirilməsi üçün indi səbirli olmaq daha vacibdir. Keçən mövsüm də “ağ-qaralar” oxşar situasiya ilə üzləşmişdilər və yekunda elə ictimaiyyətin də artan təzyiqləri, bəlkə də, tələsik qərarın verilməsi - əsas variantlardan hesab edilməyən Laurentsiu Regekampfın baş məşqçi postuna gətirilməsi ilə nəticələndi. Zaman göstərdi ki, bu, ən doğru seçim deyildi. Komanda həm çempionatda, həm ölkə kubokunda uğursuzluğa düçar oldu.
Regekampfın dövründə nəinki nəticələr yaxşı deyildi, hətta komandanın konkret oyun üslubu da formalaşmamışdı. Hətta iddia edə bilərik ki, baş məşqçisiz “Neftçi” Sankt-Peterburqda “Zenit”ə qarşı görüşdə Regenin vaxtındakından daha effektiv görünürdü.
Beləliklə, riskləri minimuma endirmək üçün tələsməmək vacib şərtdir. Danışıqlar gizli gedir və klubdan məlumat sızıntısı, demək olar ki, yoxdur. Bircə o bəllidir ki, bütün iş bu istiqamətə yönəldilib, seçimdə maksimum həssas, ölçülü-biçili davranılır.
“Neftçi” üçün həqiqət anı, yüz ölçüb, bir biçmək məqamıdır. İndi kluba snayper dəqiqliyi lazımdır. Bir səbirsiz davranış, diqqətsiz həmlə növbəti bütöv bir mövsümün, bəlkə, daha uzun periodun bada getməsinə səbəb ola bilər.
Kulis məlumatlarına görə, bütün proses birbaşa klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəfin nəzarətindədir. Bu məqam hadisələri yaxından izləyən stajlı “Neftçi” azarkeşlərinin baş verənlərə daha təmkinli reaksiyalar verməsinə səbəb olub. “Ağ-qara” sevdalıları çoxdan MŞ sədrinin birbaşa müdaxiləsini arzulayırdılar və situasiya onların ürəyincə olmalıdır.
Avrokubok məsələsinə qayıtsaq, “Jelezniçar” və ya “Dinamo” “Neftçi” üçün keçilməz sədlər deyil. Hər nə qədər transferlərdə yubanmadan bəhs edilsə də, reallıqda bunun fərqli təzahürləri müşahidə edilir.
Komandanı Sezar Meza Kolli, Vato Arveladze və Mert Çelikin tərk etməsi dəqiqləşib. Onlardan ilk ikisi keçən mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb, Mert Çelik isə ehtiyat oyunçu olub. Beləliklə, üç oyunçunun gedişi “ağ-qaralar”ı zəiflətməyib. Komandadan yenə gedənlər olacaq, lazımsız adlar var.
Transferlərə gəlincə, artıq Azərbaycan millisinin iki üzvü - Filip Ozobiç və Emil Balayev - heyətə cəlb edilib. Bununla yerli bazardakı fəaliyyətin böyük ölçüdə başa çatdığını söyləmək olar.
Bundan sonra diqqətlər legioner transferlərinə yönələcək. Fransa “Anje”sindən Miha Blajiç və bu ölkənin digər klubu “Pau”dan Ervin Koffi ilə ilkin razılıq əldə edilib. Baş məşqçi təyinatından sonra keçidlərin rəsmiləşib-rəsmiləşməyəcəyi dəqiqləşəcək. Hər iki oyunçu Azərbaycan çempionatı səviyyəsi üçün çox yaxşıdır, qitəmiqyaslı yarışlarda da komandaya fayda verər.
Proses tək bununla məhdudlaşmır. Klub yenə axtarışları davam etdirir.
Əlbəttə, heyət yeni baş məşqçinin istəkləri əsasında formalaşdırılmalıdır. Ancaq Azərbaycan futbolu reallığını (burada maliyyə resursları, keyfiyyətli əcnəbilərin ölkəmizə meyilliliyi kimi amilləri nəzərdə tuturuq - red.) və mövcud situasiyanı nəzərə almaq lazımdır. Transfer danışıqları baş məşqçi axtarışları ilə paralel, həm də müstəqil davam edir. Heç kim zəmanət vermir ki, yeni çalışdırıcının istədiyi futbolçuları buraya gətirmək dəqiq mümkün olacaq. Məsələn, məlumata görə, Sergen Yalçın Caner Erkinin transferini tələb edib. Futbolçunun tələbləri isə məlum olduğu kimi, çox yüksəkdir və onun gəlişi təxminən mümkünsüz idi. Belədə, oyunçu axtarışlarının davam etməsi tam təbii və normaldır.
Əlbəttə, prosesdə klubun ümumi fəlsəfəsi həlledici rol oynayır. Aydındır ki, baş məşqçinin özü də həmin düşüncəyə uyğun gətiriləcək, yeni oyunçular da elə bu istiqamətdə axtarılır. Burada problemli məqam yoxdur.
“Neftçi”nin ən böyük yay transferi isə Emin Mahmudovun qalması olmalıdır. Kapitanla bağlı qəliz vəziyyət getdikcə aydınlaşmaqdadır. Səhih məlumata görə, Emin komandada qalacaq. Yaxın günlərdə bu məsələ də həllini tapmalıdır.
Avokuboklarda ilk qarşılaşmalar öncəsi heyətlə bağlı böyük problemlərin olmadığı aydınlaşır. Üstəlik, komanda Rusiyada yüksək səviyyədə hazırlıq keçir. Artıq “Zenit”lə qarşılaşan (1:3) “Neftçi” “Fənərbağça”, “Srvena Zvezda” və “Spartak”la da üz-üzə gələcək. Rəqiblərin adları hər şeyi deyir. Bir Azərbaycan klubu üçün bundan yaxşı yay hazırlıq periodu təsəvvür etmək çətindir. Azarkeşlər “Zenit”lə görüşün yoldaşlıq oyunu yox, avrokubok matçına oxşadığını bildirirlər.
“Neftçi” Konfrans Liqasında ilk oyuna qədər böyük ölçüdə hazır olacaq. Olmasa belə, ilk rəqibi keçmək mümkünsüz deyil. Ardınca ölkə çempionatı da başlayacaq və komanda getdikcə formaya düşəcək.
“Neftçi” üçün qatar getməyib. Futbolda belə hallarla hətta ən böyük klublar da üzləşirlər. Əhəmiyyətli olan təmkini qorumaq, maksimal dəqiqlik nümayiş etdirməkdir. Ən vacibi isə - bütün prosesin nəzarətdə olduğu görünür. Azarkeşlər bir qədər də səbir etməli, atılacaq əməli addımları gözləməlidirlər. Klub, onsuz da, tənqidlərə loyallığı ilə seçilir. Qərarlar açıqlanandan, nəticələri bilindikdən sonra təhlillər üçün də kifayət qədər zaman olacaq.
Faiq Tahirov
Rəylər