Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən əldə edə biləcəklər.
Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyət arzulayır.
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust - 6 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
İxtisas qrupu | Qəbul olunanlar ( o cümlədən subbakalavrlar) | ||
Ödənişli | Dövlət sifarişi əsasında | Cəmi | |
I | 4660 (1845) | 13700 (1208) | 18360 (3053) |
II | 9755 (3549) | 4408 (0) | 14163 (3549) |
III | 10498 (56) | 4371 (0) | 14869 (56) |
IV | 1061 (206) | 3089 (330) | 4150 (536) |
V | 2565 (52) | 1549 (41) | 4114 (93) |
CƏMİ | 28539 (5708) | 27117 (1579) | 55656 (7287) |
Xatırladaq ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 75 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 24 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
Bundan əlavə, 508 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 108 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.
Həmçinin, I ixtisas qrupu üzrə 186 abituriyent Azərbaycan - Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 32 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində "Abituriyent" jurnalının 5-ci sayında dərc olunacaq.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- DİM-dən magistraturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına ÇAĞIRIŞ
- DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət edib
- Bakıda imtahan vermək "həvəskarı" olan üç nəfər qiymət əvəzinə cəza aldı
- Dövlət qulluğuna qəbul imtahanında 101 namizəd uğur qazanıb
- "Təcrübəsiz" universitetlər, iynə vura bilməyən həkimlər: "Kaş bu ixtisası oxumazdım"
Rəylər