Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fernandu Santuşun ixtiyarında olan Azərbaycan millisi Estoniyaya qalib gələ bilərmi?
Anar Həsənov yazır...
Milli komandaya gəlişindən sonra iki görüşdə uğursuzluqla üzləşən Fernandu Santuş heç olmasa Estoniya ilə matçda qələbə qazanaraq Azərbaycana boşuna gəlmədiyini sübut etməyə çalışacaq.
Düzdür, təcrübəli çalışdırıcının üçüncü tur oyunları üçün xəyal etdiyi heyət alınmadı. Buna səbəb isə Bəhlul Mustafazdə və Elvin Camalovun zədələnərək millinin sıralarını tərk etməsi oldu. Hər halda yenə də baş məşqçi bu bəhanənin arxasına sığına bilməz.
Emin Mahmudovun uzun müddətdir yaşıl meydanlardan kənarda qalması milliyə dəvət olunmasına təhlükə yaratmadı. Görünən odur ki, Fernandu Santuş təcrübəli yardımmüdafiəçiyə güvənir. Roman Qriqorçukun şans vermədiyi Emin Mahmudov milli komanda ilə yenidən yaşıl meydanlara qayıdaraq öz performansını ortaya qoya bilər.
Seçmə komandamız Estoniya millisi ilə rəsmi oyunlarda cəmi dörd dəfə üz-üzə gəlib. Bunlardan birindən biz, digərindən isə estonlar qələbə ilə ayrılıblar (2:0, 1:2). Digər iki görüş isə heç-heçə ilə başa çatıb (1:1, 0:0).
Slovakiya və İsveçlə görüşdə məğlub olan millimizin bu dəfə Estoniyaya qarşı inamlı təsir bağışlayacağı gözlənilir. Çünki bəlkə də yer aldığımız qrupda dişimizə görə olan yeganə komanda da elə məhz estoniyalılardır.
Hərəyə altı xalı olan İsveç və Slovakiya birinci ikinci pillələri bölüşür. Xalsız olan Azərbaycan və Estoniya isə üçüncü və dördüncü sıradadır. Üçüncü pillədəki yerimizi qorumaq üçün isə bu görüşdən qalib ayrılmalıyıq. Düzdür heç-heçə də üçüncülük üçün bəs edir, amma qalib gəlmək və xal ehtiyatını üçə yüksəltmək daha yaxşı olardı.
Azərbaycan millisi müdafiə futbolu ilə uğur qazana bilmir. Seçməmiz heç vaxt arxaya çəkilməklə nəticə qazana bilməyib. Kiçik ölkə ola bilərik, uğurlarımız olmaya bilər, lakin Qafqaz futbolu deyilən oyunu az da olsa, bacarırıq. Portuqaliyalı mütəxəssis bunu qəbul etsə və hücum futboluna keçid etsə, lazımi nəticələr əldə oluna bilər.
Qəbul edilməli yeganə məqam budur ki, Azərbaycana gələn xarici baş məşqçilər sadəcə müdafiə futbolu oynadırlar. Bu da ya inamsızlıqdan, ya da qorxudan irəli gəlir.
Səbəb nədir? Futbolçularımız zəifdir?
Bundan öncəki iki görüşdə "baş məşqçi yenidir", "futbolçuları yoxlayır", "əsas heyəti yaratmağa çalışır" dedik keçdi. Amma estonlarla qarşılaşmalarda bu söhbətlər keçməyəcək. Onları 7 nəfərlə də qalsaq, meydana ildırım da düşsə, fırtına da qopsa, udmalıyıq. Orada artıq taktika, intizam, yoxlamaq və s. bəhanələr olmamalıdır.
Çünki azərbaycanlı futbolsevərlər və futbol ictimaiyyəti milli komandadan qələbə arzulayırlar. Azarkeşlərin meydana axın etməsi üçün qələbə, iradə və əzmkarlıq lazımdır. Fernandu Santuşun etdiyi seçimlər hələ ki maraqlı və uğurlu alınır.
Bəs bu dəfə necə olacaq?
Onu isə Estoniya ilə qarşılaşmada görəcəyik. Hərçənd baş məşqçi özü də mətbuat konfransında telefonlarının bağlı olduğunu və heç kimin tapşırığı ilə milliyə futbolçu dəvət etmədiyini dedi.
Bəli, Santuş səhvləri bağışlamır. Bunu Ramil Şeydayev və Emin Mahmudovu penalti məsələsi zamanı, Amil Seydiyevi isə müdafiədə boşluqlar yaratdığı zaman meydandan çıxararaq göstərdi.
Kriştianu Ronaldulu Portuqaliya ilə 2016-cı il Avropa çempionatında kuboku başı üzərinə qaldıran Fernandu Santuşdan qızıl medal, kubok gözləmək indiki vaxt üçün çox erkəndir. Amma ən azından uğurlu nəticələr bütün futbolsevərlər üçün vacibdir.
"Fernandu Santuş" teqi üzrə xəbərlər
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
- Fernandu Santuş: "Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm"
- Fernandu Santuş: "Millimizin oyunları göstərir ki, doğru yoldayıq"
- Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçiləri siyahısında doqquz pillə irəliləyib
Rəylər