Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Bayer Leverkuzen"in final görüşündəki fiaskosunun altında yatan səbəb: Arxayınlıq, yoxsa yorğunluq?
Anar Həsənov yazır...
UEFA Avropa Liqasında "Atalanata" - "Bayer Leverkuzen" finalının favoriti Almaniya klubu sayılırdı. Amma İtaliya təmsilçisi bütün təxminləri yerlə bir etdi. Bunun kökündə yatan məsələyə diqqət yetirsək, bəzi nüanslar ortaya çıxa bilər.
Bukmekerlərin hesaba təsir göstərməsi ağıla gələn ilk səbəblərdəndir. Çünki görüşün gedişatında mövsüm boyu məğlub olmayan "Bayer Leverkuzen"in rəqib qapısında təhlükə yaradacaq bir zərbəsi belə olmadı. Azarkeşlər sona 20 dəqiqə qalmış "alman maşını" işə düşəcək və yenidən hesaba tarazlıq gətirəcək dedikləri anda daha bir qol vuruldu. Yenidən Almaniya klubunun qapısına. Xabi Alonsonun komandası sanki final görüşü üçün heç hazır deyildi. Fiziki göstəriciləri çox aşağı səviyyəyə enən komanda ilə nə etmək olardı?!
"Bayer Leverkuzen"in son üç görüşündən ikisinin final olduğunu nəzərə alsaq, Xabi Alonsonun komandaya istirahət vermək əvəzinə, daha çox çalışdırdığı tezisini ortaya qoya bilərik. Təcrübəli məşqçinin son dəqiqələrdə etdiyi dəyişikliklər, bəlkə də, fasilədən sonra edilsə idi, geri dönüş etmək mümkün olardı.
Ola bilsin ki, Can Pyero Qasperini ispaniyalı rəqibinin bütün gedişlərini və taktiki düzülüşünü çox yaxşı analiz etmişdi. Söz düşmüşkən, UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki görüşlərdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da çözmüşdü bu "Bayer"i. Hər iki oyunda 90-cı dəqiqədə təmsilçimiz məğlubedilməz rəqibini 2:1 hesabı ilə üstələyirdi. Birinci oyunda, bəli, qonaqların oyunçularının təcrübəsi işi həll etmişdi. Ancaq Almaniyadakı matçda sırf hakim səhvi nəticəyə təsir etdi. "Qarabağ" da "Atalanta" kimi riskli və aqressiv oynamışdı. Amma o aqressiyanı italyanlara keçdilər, bizə isə yox.
Bir neçə kəlmə də italyanlar barədə. Berqamolular daha bir 90 dəqiqə də oynamağa hazır formada idilər. Onların sayəsində Can Pyero Qasperini "Atalanta"nın muzeyinə ilk dəfə UEFA Avropa Liqasının kubokunu qoyan şəxs kimi İtaliya klubunun tarixinə adını yazdırdı. 26 yaşlı Ademola Lukman isə sadəcə, fantastik idi. İndiyədək çox futbolsevərin tanımadığı hücumçu UEFA Avropa Liqasının finalında het-trik etdi.
Bütün mövsüm azarkeşləri heyrətləndirən "Bayer Leverkuzen" isə bu dəfə rəqibinin təntənəsini izləmək məcburiyyətində qaldı. Amma hər halda, "Bayer Leverkuzen" bu mövsüm öz rekordları ilə tarixə keçdi. 119 il sonra ilk dəfə Almaniya Bundesliqasının çempionu oldu. Məğlubedilməzlik seriyasını 51-ə çatdıraraq dünya rekorduna imza atdı. Rekordların davamının gəlib-gəlməyəcəyini isə növbəti mövsüm göstərəcək.
Rəylər