Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı futbolsevərlər bazar günü Sumqayıta axışacaqlar?
Azərbaycan Premyer Liqasının IX turuna "Sumqayıt" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.
İlk dövrənin son turunun bağlanış oyununa hələ iki gün qalsa da, azarkeş marağının yüksək olduğunu deyə bilərik.
Belə ki, "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyevin Oxu.Az-a bildirdiyinə görə, artıq 1500-dək bilet satılıb.
"Həftəsonu oyuna marağın daha da artacağını düşünürük. Çünki şənbə günü saat 14:00-dan 19:00-dək, oyun günü isə saat 14:00-dan görüşün başlayacağı saatadək bilet satış məntəqələri fəaliyyət göstərəcək. Həmçinin, biletləri onlayn da əldə etmək mümkündür. Bütün azarkeşlərimizi oyunu izləməyə dəvət edirik. Düşünürük ki, onlar üçün də gərgin mübarizə ilə yadda qalan maraqlı görüş olacaq", - deyə Z.Xudiyev bildirib.
Qeyd edək ki, "Sumqayıt"-"Qarabağ" görüşü oktyabrın 6-da saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
"Sumqayıt"ın bundan öncəki APL oyununu 2 200, "Qarabağ"ın oyununu isə 3000 azarkeş stadiondan izləyib.
Anar Həsənov
Rəylər