Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ukraynalı qadın deputata sui-qəsdlə bağlı əsas versiyalar açıqlandı
Ukraynada naməlum şəxs tərəfindən güllələnən Ali Radanın keçmiş deputatı İrina Farionun qətli ilə bağlı əsas versiyalar açıqlanıb.
Bu barədə Oxu.Az UNİAN-a istinadən bildirir.
Ukrayna daxili işlər naziri İqor Klimenkonun brifinqdə verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş deputat güllələndikdən sonra patron darağı tapıblar. Lakin o, kalibrlə bağlı təfərrüatı açıqlamayıb.
Onun sözlərinə görə, İrina Farionun qətlinin təhqiqatına, demək olar ki, bütün Lvov polisi cəlb edilib.
İqor Klimenko qeyd edib ki, Milli Polis rəisinin müavini və Ukrayna Təhlükəsizlik Xidmətinin rəis müavini başda olmaqla, Kiyevdən gəlmiş əməliyyatçılar və istintaq qrupları da hadisə yerində işləyirlər.
Artıq bir sıra ekspertizalar, o cümlədən ballistik ekspertiza təyin edilib, müşahidə kameralarından alınan videogörüntülərsə hələ təhlil edilir.
"Paralel olaraq hücum edənin şəxsiyyətini müəyyən etmək üçün texniki imkanlardan istifadə edirik. Hazırda nəzərdən keçirilən əsas versiyalar: şəxsi düşmənçilik, xanım Farionun ictimai-siyasi fəaliyyətidir. Qətlin sifarişli olduğunu da istisna etmirik", - deyə o bildirib.
Klimenko vurğulayıb ki, istintaqın əlində qatilin bir neçə gün Farionun evində olması barədə məlumatlar var.
Xatırladaq ki, iyulun 19-da naməlum şəxs 60 yaşlı İrina Farionu güllələyib. KİV-in məlumatına görə, sui-qəsd Masarık küçəsində, keçmiş deputatın yaşadığı evin yaxınlığında baş verib. Farion evdən çıxarkən 20-25 yaşlı kişi ona atəş açıb və sonra gözdən itib.
Farion son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunmasına və süni nəfəs aparatına qoşulmasına baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Rəylər