Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Starship" altıncı sınaq uçuşunu başa vurdu: Platforma sürətləndiricini tuta bilmədi
ABŞ-li milyarder İlon Maska məxsus olan "SpaceX" şirkəti "Starship" kosmik gəmisinin prototipi ilə raket daşıyıcısının altıncı sınaq buraxılışını uğurla başa çatdırıb.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.
Buraxılış zamanı aparatın əsas texniki təkmilləşdirmələri, o cümlədən kosmosda "Raptor" mühərrikinin yenidən yanması yoxlanılıb.
Yayımın aparıcılarının bildirdiyinə görə, "SpaceX"in qarşısında gəmi prototipini bütöv saxlamaq vəzifəsi durmurdu, əsas məqsəd mümkün qədər çox telemetriya məlumatı əldə etmək idi. Uçuş bir saatdan çox davam edib və gəminin Hind okeanına enməsi ilə başa çatıb.
"Enmə təsdiqlənib! Bütün komandanı "Starship"in möhtəşəm altıncı sınaq uçuşu münasibətilə təbrik edirik", - deyə "SpaceX"in "X" sosial şəbəkəsindəki səhifəsində qeyd olunub.
Bu dəfə şirkət "Super Heavy" sürətləndiricisini xüsusi "Mechazilla" platformasına qayıdarkən tutmağa nail olmayıb. Bunun əvəzinə təxminən səkkiz dəqiqədən sonra təxminən 100 km yüksəklikdən enən sürətləndirici Meksika körfəzinə eniş edib.
Buraxılışı Mask ilə birlikdə ilk dəfə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da izləyib.
"İlon Maska və bu inanılmaz layihə üzərində işləyən möhtəşəm vətənpərvərlərə uğurlar", - deyə o, startdan əvvəl "Truth Social" şəbəkə hesabında yazıb.
Sınaq uçuşunu canlı yayımda 7 milyon insan izləyib.
İstehsalçı şirkətin planlarına görə, "Starship" kosmik sistemi universal olacaq və müxtəlif versiyalarda Yer orbitinə pilotlu uçuşlar, peyklərin buraxılması, Ay və Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların həyata keçirilməsi üçün istifadə edilə biləcək. "Super Heavy" sürətləndiricisi və "Starship" gəmisinin Yerə şaquli eniş etməsi nəzərdə tutulub. Hazırkı layihəyə görə, kosmik sistemin ümumi hündürlüyü 121 m (gəmi - 50 m, sürətləndirici - 71 m), diametri 9 m, yükgötürmə qabiliyyəti 100-150 tondur.
Rəylər