Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Romada ildırım Zəfər tağını zədələyib
Roma Kolizeyinin yaxınlığında yerləşən imperator Konstantinin Zəfər tağını ildırım vurub.
Oxu.Az bu barədə Adnkronos-a istinadən məlumat verir.
Sentyabrın 3-də İtaliya paytaxtında tufan baş verib, küçələr su altında qalıb və güclü külək ağacları aşırıb. İldırım zərbəsi nəticəsində antik abidədən bir neçə daş element qopub. Konstantin tağının tabe olduğu Kolizey arxeoloji parkının rəhbərliyi hadisədən dərhal sonra texniki mütəxəssislərin işə başladığını təsdiqləyib.
"Əməkdaşlarımız ildırım zərbəsindən dərhal sonra hadisə yerinə gediblər. Qopmuş bütün fraqmentlər toplanıb və təhlükəsiz yerə yerləşdirilib. Ziyanın qiymətləndirilməsinə artıq başlanılıb, təhlil sabah səhər davam ediləcək", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Zəfər tağı Senatın qərarı ilə Konstantinin vətəndaş müharibəsində Maksensiy üzərində qələbəsinin şərəfinə inşa edilib. Tikinti eramızın 312-315-ci illərində aparılıb və bu zaman əvvəllər tikilmiş tağlardan götürülmüş mərmər istifadə olunub.
Bu üçaşırımlı abidənin hündürlüyü 21 metrdir.
Rəylər