Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Müqavimət Paktı": İran müttəfiq ölkələrlə və hərəkatlarla hərbi ittifaq qurmağa hazırlaşır
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Yaxın Şərqin bir sıra ölkələri və "azadlıq hərəkatları" ilə "Müqavimət Paktı" bağlanması haqqında qanun layihəsi hazırlayır. Bu müqavilə ABŞ və ya İsrail tərəfindən müqavilə tərəflərindən birinə hücum edildiyi təqdirdə hərbi və iqtisadi yardım göstərilməsini nəzərdə tutur.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Tasnim" agentliyi xəbər verib.
Bildirilir ki, saziş hərbi əməliyyatların koordinasiyası və təlimlərin keçirilməsi üçün əməliyyat qərargahının yaradılmasını nəzərdə tutur. Vəzifələrin bölüşdürülməsi və planın həyata keçirilməsi məsuliyyətinin İranın Ali Milli Təhlükəsizlik Şurasına həvalə edilməsi təklif olunur.
Qanun layihəsinin müəlliflərinə görə, İranın Təhlükəsizlik Şurası "Müqavimət Paktı"na qoşulmaq üçün müraciətlərə baxacaq. Sənəd böhranlı vəziyyətlərdə qarşılıqlı yardım göstərilməsinə, həmçinin İsrail və Qərb ölkələrindən gələn təhdidlərə qarşı vahid hərbi infrastrukturun yaradılmasına yönəlib. Qanun layihəsinin bir sıra təkmilləşdirmələrdən sonra parlamentin müzakirəsinə təqdim edilməsi planlaşdırılır.
Qeyd edək ki, Tehran Livanın "Hizbullah", Fələstinin HƏMAS, Yəmənin "Ənsar Allah" və İraqın "İslam Müqaviməti" hərəkatlarını öz regional müttəfiqləri kimi görür.
Rəylər