Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nobel mükafatçısı Banqladeş hökumətinin başçısı oldu
Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbər təyin edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Banqladeş prezidentinin mətbuat katibi Coynal Abedin məlumat yayıb.
Abedin qeyd edib ki, müvəqqəti kabinetin qalan üzvlərinin təyinatı müxtəlif siyasi partiyalarla məsləhətləşmələrdən sonra yekunlaşdırılacaq.
Xatırladaq ki, Banqladeş prezidenti çərşənbə axşamı baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumət qurmaq üçün parlamenti buraxıb.
Hazırda 84 yaşlı Yunus Beynəlxalq Olimpiya Komitəsinin dəvəti ilə xüsusi qonaq qismində Parisdədir. O, xaricdə də müalicə alır. Yunusun mümkün qədər tez Banqladeşə dönəcəyi gözlənilir.
Alim iqtisadi inkişaf sahəsindəki fəaliyyətinə görə 2006-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb.
Banqladeşdə Baş nazir Şeyx Hasinanın istefasından sonra Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus müvəqqəti hökumətin liderlərindən biri ola bilər.
Oxu.Az bu barədə "Times of India"ya istinadən məlumat verir.
Bildirilir ki, Banqladeşdə son tələbə etirazlarının əlaqələndiriciləri Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun baş məsləhətçi olduğu yeni müvəqqəti hökumətin formalaşdırılmasını təklif ediblər.
Yunus 2006-cı ildə mikrokreditləşdirmə və mikromaliyyələşdirmə sahəsindəki novator işinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
O, 2009-cu ildə ABŞ-nin Prezident Azadlıq Medalı və 2010-cu ildə Konqresin Qızıl Medalı da daxil olmaqla bir çox nüfuzlu mükafatlara layiq görülüb.
Avqustun 5-də etirazçılar Banqladeşin Baş naziri Şeyx Hasinanın Dəkkədəki rəsmi iqamətgahını ələ keçiriblər. Hasina istefa verib və Hindistana qaçıb. O, Böyük Britaniyadan sığınacaq istəyib.
Banqladeşdə kütləvi iğtişaşlar 2024-cü ilin iyununda məşğulluq kvotaları ilə bağlı tələbə etirazları fonunda başlayıb və hələ də davam edir. Nümayişçilərlə mübarizəyə ordu cəlb edilib.
Rəylər