Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda qələbəyə namizəd olan "Mercedes"in texniki xüsusiyyətləri
"Mercedes" ənənəvi olaraq yeni avtomobilini nümayiş edib.
Oxu.Az-ın f1news.ru-ya istinadən verdiyi məlumata görə, təqdimat "Silverstone"da (İngiltərədə yerləşən trass - red.) baş tutub və sosial şəbəkələrdə canlı yayımlanıb.
Qeyd edək ki, əslində "Mercedes" komandası üçün vəziyyət o qədər də ürəkaçan deyil. Uzun illər ərzində ilk dəfə olaraq komanda bilir ki, mövsümün sonunda öz liderini, yeddi qat dünya çempionu Lyuis Hamiltonu itirəcək. Onunla müqavilə 2025-ci ilə qədər idi, lakin sənəddə ləğv etmə seçimi olub və britaniyalı pilot bundan istifadə edərək "Ferrari" ilə razılaşıb.
"Mercedes"ə özünəinamı yalnız çempionluq uğrunda mübarizə qaytara bilər. Bunun üçün komandada bir çox dəyişikliyə imza atılıb: kadr dəyişiklikləri aparılıb, avtomobilin işlənməsinə fərqli yanaşma seçilib. Lakin məsələ burasındadır ki, rəqiblər də yerində durmayıblar.
"Bilirik ki, yenidən liderlik uğrunda mübarizə aparmaq üçün çox iş görməliyik. Mövsümarası yaxşı keçdi, bütün komanda işə cəmləşib və məqsədə çatmaq üçün qətiyyətlidir.
Bizim idmanda möcüzələr olmur, lakin işimizin nəticələrinə ümid edirik. Avtomobilin fəlsəfəsini dəyişdiyimiz vaxtdan bəri layihənin inkişafı tam sürətlə gedir. Bizim bir neçə prioritet tapşırığımız olub, bunun nəticəsini tezliklə biləcəyik.
Düşünürəm ki, əvvəlki iki il bəzi sahələrdə özümüzü yenidən qurmaq, kalibrləmək və yenidən düşünmək üçün lazım idi. Belə yanaşma asan olmur. Lakin biz irəliləyiş əldə etdik və yeni "W15" ilə növbəti addımı səbirsizliklə gözləyirik. Bu yol hamar deyil, amma büdrəsək də, qalxıb yüksəlməyə davam edəcəyik", - deyə komandanın rəhbəri Toto Volff qeyd edib.
Qeyd edək ki, "Mercedes" Bakıda "Formula-1" yarışında iştirak edəcək əsas komandadır (yeddi yarışdan üçündə qələbə qazanıb). Bu il çempionatda onların təqdim etdiyi "W15" modelinin texniki xüsusiyyətlərini nəzərinizə çatdırırıq.
Şassi
Monokok: Karbon lifli və kompozit materiallardan hazırlanmış pətək quruluşlu monokok.
Gövdə: Mühərrik örtüyü, yan pontonlar, alt hissə, burun müqavimət sipəri, ön və arxa qanadlar karbon liflərindən hazırlanıb.
Kokpit: Karbon lifli çıxarıla bilən anatomik sürücü oturacağı, altı nöqtəli təhlükəsizlik kəmərləri, HANS sistemi.
Təhlükəsizlik strukturları: Zərbəyə davamlı konstruksiya və deşilməyə qarşı panellərlə inteqrasiya olunmuş təhlükəsizlik bölməsi, ön təhlükəsizlik strukturu, yan toqquşmalarda enerjini udan zərbəyə davamlı düyünlər, inteqrasiya edilmiş arxa təhlükəsizlik strukturu, maşının aşması zamanı zədələnmələrin qarşısını alan ön və arxa elementlər. Titandan hazırlanmış sürücünün başını qoruyan sistem (Halo).
Ön asqı: Yaylar və amortizatorlarla qarşılıqlı əlaqədə olan karbon köndələn dartıcı və itələyici.
Arxa asqı: Daxili yaylar və amortizatorlarla qarşılıqlı əlaqədə olan karbon köndələn dartıcı və itələyici.
Təkər diskləri: BBS, döymə, maqnezium ərintisindən.
Şinlər: "Pirelli".
Əyləc sistemi: "Carbone Industries" istehsalı olan karbon disklər və üstlüklər, arxa əyləclərin "brake-by-wire" elektron idarəetməsi.
Əyləc supportları: "Brembo".
Sükan idarəetməsi: Gücləndirici ilə reyka tipli.
Sükan çarxı: Karbon lifli konstruksiya.
Elektronika: Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən sertifikatlaşdırılmış standart ECU elektron idarəetmə bloku və elektrik sistemi.
Cihazlar paneli: "McLaren Electronic Systems" (MES).
Yanacaq sistemi: ATL, kevlarla gücləndirilmiş rezin yanacaq çəni.
Yanacaq-sürtgü materialları və texniki mayelər: "Petronas Tutela".
Transmissiya
Ötürmə qutusu: 8 pilləli, bir arxa ötürmə ilə, karbon korpus.
Ötürmələr qutusunun idarə edilməsi: Sekvental, yarı avtomatik, hidravlik ötürücü.
İlişmə: Karbondan hazırlanmış disk.
Qabaritlər
Ümumi uzunluq: 5000 mm-dən çox.
En: 2000 mm.
Ümumi hündürlük: 970 mm.
Ümumi çəki: 798 kq.
Güc qurğusu
Tip: "Mercedes-AMG F1 M15 E Performance".
Minimum çəki: 150 kq.
Güc qurğusunun komponentləri: daxili yanma mühərriki (ICE), kinetik motor-generator (MGU-K), istilik motor-generatoru (MGU-H), turbokompressor (TC), batareya (ES), idarəedici elektronika (CE).
Hər sürücü mövsüm üçün dörd daxili yanma mühərriki, dörd turbokompressor, dörd MGU-H və MGU-K, iki batareya və iki idarəedici elektronika bloku alır.
Daxili yanma mühərriki
İşçi həcm: 1,6 l.
Silindrlərin sayı: 6.
Silindrlərin əyilmə bucağı: 90 dərəcə.
Klapanların sayı: 24.
Dirsəkli valın maksimal fırlanma sürəti: 15000 dövr/dəq.
Maksimal yanacaq kütləvi sərfiyyatı: 10500 dövr/dəq-dən yuxarı dövrlərdə 100 kq/saat.
Yanacaq sistemi: 500 bar təzyiq altında birbaşa püskürtmə, hər silindrə bir injektor.
Turbokompressor: bir pilləli kompressor və işlənmiş qazlarla işləyən turbin, vahid val ilə hərəkətə gətirilir.
Turbinin maksimal fırlanma sürəti: 125000 dövr/dəq.
Enerji bərpası sistemi (ERS)
ERS: Motor-generatorlara əsaslanan inteqrasiya edilmiş hibrid enerji bərpası sistemi.
Enerji toplayıcısı: Litium-ion batareyaları, qaydaların tələblərinə uyğun olaraq minimum çəki 20 kq.
Bir dövrədə batareya tərəfindən toplanan maksimal enerji: 4 MJ.
MGU-K-nın maksimal dövrlər sayı: 50000 dövr/dəq.
MGU-K-nın maksimal gücü: 120 kVt (161 a.g.).
MGU-K tərəfindən bərpa edilən maksimal enerji miqdarı: dövrə başına 2 MJ.
MGU-K mühərrik-generatoru tərəfindən verilən maksimal enerji miqdarı: dövrə başına 4 MJ (tam gücdə 33,3 saniyə ərzində).
İstilik mühərrik-generatorunun (MGU-H) maksimal dövrlər sayı: 125000 dövr/dəq.
MGU-H-ın maksimal gücü: Məhdudlaşdırılmayıb.
Bir dövrədə MGU-H tərəfindən bərpa edilən maksimal enerji: Məhdudlaşdırılmayıb.
Bir dövrədə MGU-H tərəfindən verilən maksimal enerji: Məhdudlaşdırılmayıb.
Yanacaq: "Petronas Primax".
Sürtgü materialları: "Petronas Syntium".
Rəylər