Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Mercedes-Benz"dən inqilabi yenilik: Süni intellektli multimedia sistemi
Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Mercedes-Benz" şirkəti son modellərində alıcılarını süni intellektə əsaslanan multimedia sistemi ilə cəlb edir.
Oxu.Az 32cars.ru portalına istinadən xəbər verir ki, Almaniya şirkəti artıq proqram təminatı ilə bağlı məhsullardan bir milyard avrodan çox gəlir əldə edir. Bu, şirkəti eyni istiqamətdə daha da inkişaf etdirməyə həvəsləndirir. Hazırda şirkət öz proqram platformasını yaratmaqla gəlirini artırmağı planlaşdırır. Bu prosesin mərkəzində süni intellekt və xüsusilə "MB.OS" əməliyyat sistemi durur.
Avtomobil getdikcə telefon və planşet kimi cihazlardan birinə çevrilir. İnterneti konsepsiyası çərçivəsində avtomobil elektronikasının funksionallığı sürətlə artır. Avtomobillər daha ağıllı olur, müasir smartfonlara bərabər multimedia sistemlərinin imkanlarını təklif edir və eyni zamanda hərəkət zamanı rahatlıq və təhlükəsizliyi təmin edir. Belə elektronikanın hazırlanması və istehsalı artıq bütöv bir sənayeyə çevrilib. 2022-ci ildə "Mercedes-Benz" naviqasiya və onlayn xəritə yeniləmələri kimi xidmətlər hesabına proqram təminatından təxminən bir milyard avro qazanıb. Amma bu, yalnız başlanğıcdır: 2025-ci ildən etibarən "MB.OS"un tətbiqi ilə avtomobillərin funksiyaları "Mercedes me Store" vasitəsilə avtomobilin bütün istismar müddəti ərzində istənilən vaxt yenilənə biləcək. "Mercedes" proqram təminatından gəlirlərin onilliyin sonuna qədər 10 milyard avroya qədər artacağını gözləyir.
Avtomobil istehsalçıları arasında elektronika məsələlərində iki əsas yanaşma var: açıq platformalardan istifadə və ya öz proqram təminatının hazırlanması. "Mercedes" artıq bir neçə ildir ki, öz platformasını yaratmaq üzərində işləyir və 2025-ci ilə qədər bu proses başa çatacaq. "MB.OS" və ya "Mercedes-Benz Operating System" şirkətin öz əməliyyat sistemidir və avtomobilin bütün funksiyaları üçün vahid həll olacaq.
Yeni yanaşma təkcə "MBUX" multimedia sisteminin inkişafını deyil, həm də avtomobilin bütün sistemlərinin - avtonom yürüşdən elektromobillərin şarj idarəetməsinə qədər inteqrasiyasını nəzərdə tutur. Bütün bunlar "Mercedes-Benz Intelligent Cloud" bulud sistemi ilə əlaqəli vahid proqram təminatı ilə idarə olunacaq.
Yeni sistemin vacib hissəsi "MB.OS"da istifadə olunan güclü prosessorlar üçün su soyutmasıdır. "NVIDIA" şirkəti tərəfindən hazırlanan bu çiplər saniyədə trilyon əməliyyat yerinə yetirə bilir, avtonom yürüş və süni intellekt üçün məlumatların yüksək sürətlə emalını təmin edir.
Rəylər