Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Günəşdə dörd güclü partlayış baş verib
Ötən gecə Günəş güclü partlayışlar seriyası ilə alimləri heyrətləndirərək, görünməmiş fəallıq nümayiş etdirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutunun əməkdaşları məlumat veriblər.
Astronomların məlumatına görə, cəmi bir gecə ərzində Günəşdə dörd böyük partlayış baş verib ki, onlardan biri ən yüksək - X2.0 sinfinə çatıb. 3878 saylı ləkələr qrupundakı (N16E29) bu partlayış 15 dəqiqə davam edib.
Bundan əlavə, alimlər M sinfinə aid daha üç partlayış qeydə alıblar ki, onlardan biri gücünə görə ən yüksək olan X sinfinə yaxın olub.
"Noyabrın 1-də (Bakı vaxtı ilə) saat 01:54-də rentgen diapazonunda 3878 saylı ləkələr qrupunda (N15E26) 55 dəqiqə davam edən M9.5 partlayışı qeydə alınıb", - deyə institutdan bildiriblər.
Günəş partlayışları səma cisminin atmosferində baş verən nəhəng enerji püskürmələridir. Onlar rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ötən gecə qeydə alınan X2.0 sinifli partlayış minimal A0.0 sinfindən güc baxımından 200 dəfə çoxdur.
Günəş fəallığı təkcə kosmik havaya deyil, həm də Yer proseslərinə təsir göstərir. Güclü partlayışlar çox vaxt Günəş plazmasının püskürmələri ilə müşayiət olunur ki, onun buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər. Bu hadisələrin nəticələrini meteohəssas insanlar, həmçinin həssas elektronika və rabitə sistemlərinin sahibləri hiss edirlər.
Rəylər