Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dilan və Engin Polat daha bir maddə üzrə bəraət aldılar
Türkiyədə məşhur fenomenlər Dilan və Engin Polat cütlüyü sosial media fenomeni Banu Parlakın gözəllik mərkəzinin atəşə tutulması ilə bağlı iddia çərçivəsində ikinci dəfə hakim qarşısına çıxarılıblar.
Banu Parlakın gözəllik mərkəzinə silahlı hücum təşkil etməkdə ittiham olunan Dilan Polat məhkəmə zalında əsəb pozuntusu keçirib.
Məhkəmə prosesinin başlanmasına az qalmış Banu Parlak və Dilan Polat gözyaşlarına hakim ola bilməyiblər və ağlamağa başlayıblar. Bu zaman Polatın səhhəti pisləşib.
O, "Allahım, mənim heç bir günahım yoxdur, Allahım, məni xilas et", - deyə yerə yıxılıb və huşunu itirib. Dilan Polat məhkəmə zalından çıxarılıb.
"Dilan, mən buradayam", - deyə Banu Parlak da onun arxasında ağlayıb.
Daha sonra məhkəmə prosesi davam edib. B.Parlak proses zamanı ötən ilin oktyabrın 1-də ona məxsus gözəllik salonuna silahlı hücumda əvvəlcə Dilan və Engin Polat cütlüyünü günahlandırdığını, daha sonra şikayətini geri götürdüyünü bildirib.
Eyni zamanda məhkəməyə ərizə ilə müraciət edən Gültəkin Alan adlı şəxs hadisə ilə bağlı göstərişi özünün verdiyini deyib.
Engin və Sezgin Polat ərizə verən şəxsi tanımadıqlarını bildiriblər.
Məhkəmənin qərarına əsasən, Banu Parlakın iddiası ilə bağlı Dilan və Engin Polat cütlüyü barədə azadlığa buraxılma qərarı verilib. Lakin onların digər maddələr üzrə həbsləri davam edir.
Qeyd edək ki, Dilan və Engin Polat bu il aprelin 19-da vergi proseduru qanununu pozma cinayətindən bəraət alıblar.
Mənbə: NTV.com.tr
Rəylər