Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Boeing" yüzlərlə sərnişinin ölümündə təqsirini etiraf etdi
ABŞ-nin "Boeing" şirkəti 2018-2019-cu illərdə istehsal etdiyi iki təyyarəsinin qəzaya uğraması ilə bağlı işdə təqsirini etiraf etməyə razılaşıb.
Bu barədə "Reuters" agentliyi ABŞ Ədliyyə Nazirliyinin rəsmisinə istinadən məlumat verib.
"ABŞ-nin "Boeing" şirkəti Ədliyyə Nazirliyi tərəfindən başladılan ("737 Max" təyyarələrinin qəzası ilə bağlı hadisələrin) araşdırmanı başa çatdırmaq üçün günahını etiraf etməyə razılaşıb", - deyə agentlik yazır.
Qeyd olunur ki, federal hakimin hələ təsdiq etməli olduğu istintaqla razılaşma çərçivəsində "Boeing" 243.6 milyon dollar cərimə ödəyəcək və öz proqramlarının təhlükəsizliyini yaxşılaşdırmaq, həmçinin onların zəruri standartlara uyğunluğunu təmin etmək üçün 455 milyon dollar sərmayə qoymağı öhdəsinə götürəcək.
Xatırladaq ki, "Boeing 737 Max" təyyarəsi 2018-ci ildə İndoneziyada, 2019-cu ildə isə Efiopiyada qəzaya uğrayıb, iki qəzada yüzlərlə insan həlak olub. Həmin vaxt təyyarələr havaya qalxdıqdan dərhal sonra qəzaya uğramışdı.
Ölənlərin yaxınları ABŞ Ədliyyə Nazirliyinə müraciət edərək şirkətdən 24.7 milyard dollar tələb ediblər.
Faciələrdən sonra şirkət etiraf edib ki, hər iki halda bortda quraşdırılmış manevr xüsusiyyətlərini yaxşılaşdırma sisteminin işində nasazlıq baş verib.
Rəylər