Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib
Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.
"Tərəfdaşlıqdan Tərəqqiyə" şüarı ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir. Forum hər il dövlət-özəl tərəfdaşlığı, təhsilin iqtisadiyyata inteqrasiyası və universitet-sənaye əməkdaşlığına dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Daha sonra Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumunun müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirdiyini vurğulayıb. E.Əmrullayev Təhsilin İnkişafı Fondunun yaradılmasının tərəqqiyə atılan bir addım olduğunu bildirib.
Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Daha sonra TÜBİTAK TEMEG İdarə Heyətinin üzvü, "CATALYSADE" şirkətinin təsisçisi Sanem Yalçıntaş Sabuncuoğlu məruzə ilə çıxış edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi "Biliyi dəyərə çevirən sinerji" adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Səməddin Əsədov çıxış ediblər.
Forumun ikinci paneli "Tədqiqatdan inkişafa gedən yol" mövzusuna həsr olunub.
Paneldən öncə Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib.
Daha sonra Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində çıxış ediblər.
Panel çərçivəsində "Beynəlxalq reytinqlərdə universitetlərin mövqeyini artırmaq üçün strateji əməkdaşlıqlar", "Tədqiqat və inkişafda universitet-sənaye tərəfdaşlığının əhəmiyyəti", "Universitet-sənaye tərəfdaşlığının perspektivləri", "İnnovasiya və tədqiqat mərkəzlərinin yaradılması və dəstəklənməsi", "İnnovativ tədqiqatların sənaye ilə inteqrasiyası və kommersiyalaşdırılması" mövzuları ətrafında müzakirələr aparılıb.
Forumun üçüncü paneli "Gələcəyi gənclərə necə hazırlamalı" mövzusuna həsr olunub.
Paneldən əvvəl Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov məruzə ilə çıxış edib.
Daha sonra STP Şirkətlər Qrupunun baş insan resursları inzibatçısı Şölə Əliyevanın moderatorluğu ilə keçirilən paneldə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, "Coursera"nın Hökumətlə tərəfdaşlıqlar üzrə direktoru Akanksha Kapoor, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, NEQSOL Holdinq Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə spiker qismində çıxış ediblər.
Panel çərçivəsində "Sənayeyə uyğun ortaq tədris proqramları", "İnsan kapitalının inkişafında yeni modellər", "Gənclərin iş həyatına inteqrasiyasını dəstəkləyən proqramlar və təşəbbüslər" mövzularından bəhs olunub.
Qeyd edək ki, "Tərəfdaşlıqdan Tərəqqiyə" şüarı ilə təşkil olunan forum "Kapital Bank", STP Şirkətlər Qrupu, "Bestcomp Group" və "Veysəloğlu" Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, bp və "Lenovo"nun sponsorluğu ilə keçirilib.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR ilə "Tree Energy Solutions" arasında Birgə Tədqiqat Sazişi imzalanıb
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- "SOCAR Green" və "PowerChina" şirkətləri Anlaşma Memorandumu imzalayıblar
- Hesablama Palatası: "SOCAR gələn il 462 milyon manat dividend ödəməli olacaq"
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"
Rəylər