Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xaricə səyahətin vacib komponenti: Viza necə alınır?
Xaricə səyahət etmək arzusunda olanların həll etməsi vacib məsələlərdən biri də vizadır.
Viza nədir, onun əldə edilməsi üçün nələri bilmək lazımdır, hansı ölkələrə gedəndə bu sənəd tələb olunmur - bu və digər suallara aydınlıq gətirmək üçün Oxu.Az saytının əməkdaşı kiçik araşdırma aparıb.
Öncə qeyd edək ki, viza - xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədindən müəyyən olunmuş qaydada, icazə verilən müddət ərzində ölkəyə gəlib-getmə və ya qalma hüququ verən rəsmi sənəddir.
Vizanın giriş və tranzit növü var. Giriş vizasının özü də birdəfəlik və çoxdəfəlik kimi növlərə bölünür. Birdəfəlik giriş vizasının etibarlılıq müddəti 90 gündür. Bu viza göstərilən müddət ərzində xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərə yalnız bir dəfə giriş-çıxış haqqı verir.
Çoxdəfəlik giriş vizasının müddəti isə iki il müəyyən olunub. Bu viza sahibi müəyyən olunmuş vaxt ərzində ölkəyə çoxsaylı giriş-çıxış hüququna malikdir. Adi giriş vizası elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, şəxsi səfər, müalicə, işgüzar və humanitar səbəblərdən verilir.
Vizanın əldə edilməsi qaydasını isə Oxu.Az-a açıqlamasında turizm eksperti Ruslan Quliyev izah edib:
- Turist səfərlərində böyük önəm daşıyan prosedurlardan biri də viza məsələləridir. Azərbaycandan gedən və yüzə yaxın ölkədən Azərbaycana gələn turistlər onlayn "ASAN Viza" xidmətindən yararlanırlar. Rəsmi elektron viza portalına şəxsiyyəti təsdiq edən sənədlər, səyahət sənədini təsdiq edən ölkənin adı, ölkəyə gəlmə vaxtı, şəxsi məlumatlar, elektron poçt ünvanı kimi informasiya daxil edilir, yoxlanılır, ödəniş edilir.
Portalda, həmçinin, elektron vizaların verilməsi ilə bağlı şərtlər açıqlanır, eləcə də viza statusunu yoxlamaq imkanı yaradılır.
Qeyd edim ki, ölkəmizdə viza prosedurlarının mərhələli şəkildə sadələşdirilməsi gələn turistlərin sayına ciddi şəkildə təsir edib.
- İş vizası almaq üçün hansı sənədlər tələb olunur?
- Müxtəlif ölkələrə tətbiq olunan viza prosedurları, xüsusilə də Şengen vizası tələb edən ölkələrə gediş-gəliş Azərbaycan vətəndaşları üçün mürəkkəb sayılır. İş vizası almaq üçün pasport, tibbi sığorta, iş yerindən arayış, maliyyə qaynaqlarını təsdiq edən sənəd tələb olunur. Bəzi hallarda əmlak və ya yatırım sənədləri də istənilir. Azərbaycan vətəndaşlarının Avropa üçün heç bir təhlükə təşkil etmədiyini nəzərə alsaq, miqrasiya təhlükəsi yaratmadıqları üçün əmlak və ya yatırım sənədlərinin tələbinə də çox az hallarda rast gəlinir.
- Azərbaycan vətəndaşlarına hansı ölkələrə vizasız getməyə icazə verilir?
- Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, eləcə də MDB ölkələrinə Azərbaycan vətəndaşlarına vizasız getməyə icazə verilir. Eyni zamanda, buraya qardaş ölkə Türkiyə, Şimali Kipr Türk Respublikası da aiddir.
- Vizaların təsdiqlənmə müddəti nə qədərdir? Hansı hallarda vizanı daha tez əldə edə bilərik?
- Vizaların təsdiqlənməsi müddəti hər ölkədə fərqlidir. Yəni üç gündən üç həftəyə kimi davam edə bilər.
- Vizaları daha asan almaq üçün gələcəkdə nə kimi yeniliklər ola bilər?
- İnnovativ sistemlərin inkişafı, rəqəmsal platformalara keçid yenilik sayıla bilər. Gələcəkdə də viza almaq məsələlərinin sadələşməsi Azərbaycan vətəndaşlarının xaricə səyahətini, həmçinin digər ölkə vətəndaşlarının ölkəmizə səfərlərini rahatlaşdıra bilər.
Aytac Qasımova