Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mişardaşı təxminən iki dəfə bahalaşdı - Mütəxəssisdən bədbin proqnoz
Son iki həftə ərzində mişardaşının qiymətində əhəmiyyətli artım qeydə alınıb. Yəni 14 gün əvvəl 52 qəpik olan daş indi 0.8-1 AZN-ə satılır.
Bu artım həm fərdi ev tikənlər, həm də tikinti şirkətləri üçün ciddi problemlər yaradır. Mütəxəssislərin fikrincə, qiymətlərin qalxması bir sıra faktorlardan qaynaqlanır.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, ilk növbədə bu, mişardaşına tələbatın artması ilə bağlıdır:
"İkinci səbəb isə odur ki, ekoloji standartlar yüksəlir. Daş karxanalarını əvvəlki kimi istismar edə bilmirlər, buna ciddi nəzarət var. Bu da xərcləri, qiymətləri artırır. Üçüncü səbəb isə odur ki, daşınma qiymətləri artır. Dizelin, yanacağın bahalaşması tikintidə daşınmaya da mühüm təsir edir. Əvvəl nə qədər istəyirdilər, maşınları yükləyirdilər, indi yollara elektron tərəzilər qoyublar. Bu tərəzilər maşınların artıq yüklənməsinə imkan vermir. Avtomatik cərimələyir, radara salır. Bu kimi bir çox səbəblər qiymətlərin artmasına səbəb olur".
Mütəxəssis bu vəziyyətin uzunmüddətli perspektivdə necə inkişaf edəcəyi ilə bağlı qeyd edib ki, alıcılıq qabiliyyətindən asılı olaraq, artım davam edəcək.
Almaz Qasımova