Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Son zəng" ilə əlaqədar gül dükanlarında vəziyyət - QİYMƏTLƏR
Sabah ölkəmizin bütün ümumtəhsil müəssisələrində "Son zəng" çalınacaq. Bu sevincin, bir o qədər də kədərin qonaq olduğu əlamətdar gündür. Çalınan zəng isə sanki onbirincilərin gələcək uğurlarının sədasıdır. Həyatın enişli-yoxuşlu yollarına atılan ilk addım, sonun başlandığı tarixdir. Məzunlar bundan sonra uşaqlıqlarına əlvida deyib, müstəqil həyatlarına qədəm qoyacaqlar. Bu unudulmaz günə də xüsusi şəkildə hazırlaşırlar.
"Son zəng" günü onbirincilər bir-birlərinə, müəllimlərinə və birincilərə müxtəlif hədiyyələr verirlər.
Digər özəl günlərdə olduğu kimi, "Son zəng" günündə də ən çox yada düşən gül dükanları olur.
Mövcud durumu öyrənmək üçün Oxu.Az-ın əməkdaşları Bakıdakı gül və hədiyyə dükanlarına üz tutublar.
İlk daxil olduğumuz dükanda səssizlikdir. Bir-birindən gözəl gül dəstələri, buketlər hazırlanaraq sıraya düzülüb. Lakin müştəri qıtlığı müşahidə olunur. Görünən odur ki, "Son zəng" ilə əlaqədar sifariş yoxdur.
Satıcı Məhəmmədtağı Tağıyev bildirib ki, alıcılıq qabiliyyəti çox aşağıdır:
"Sabah "Son zəng"dir amma müraciət yoxdur. İki buket sifariş olunub. Qiymətlər eynidir. Heç bir artım yoxdur. Qızılgülün dənəsi dörd manatdır. Buket qiyməti gül sayından asılıdır. Saya görə dəyişir. Liliya 9-10 manatdır. Buketlərin qiyməti 40-50 manat arasında dəyişir".
Məyus hissi ilə bu dükandan ayrılıb, digərinə daxil oluruq. Burada sıxlıq müşahidə olunur. Hətta əlamətdar gün ilə əlaqədar simvolik buketlər də hazırlanıb.
Mağazada satıcı olan Ağabəy Cəbrayıllı qeyd edib ki, "Son zəng" ilə əlaqədar tələbat 50 faiz artıb:
"Qiymətlər eynidir. Qızılgül dörd-beş, papatyalar üç, liliya 10-15 manatdır. Yerli tülpan yoxdur. Xaricdən gətirilən tülpanlar beş manatadır. Buketlərdə daha çox qızılgülə üstünlük verirlər, qiyməti isə 20-25 manat arasında dəyişir. Xüsusi məzun buketimiz də yığılıb".
A.Cəbrayıllı alıcılıq qabiliyyətinin yaxşı olduğunu vurğulayır:
"Alıcılıq qabiliyyəti daha da artıb. Getdikcə müasirləşirik. Müəllimlərə hörmətimiz artıb. Onları çox sevirik. Evdən çox məktəbdə, universitetdə oluruq. Əksər sifariş sırf müəllimlər üçündür.
Oyuncaq ayıları daha alan yoxdur. Əvvəllər "Son zəng" günü alınırdı. Görünür indi dəbdə deyil. Tələbat yoxdur. Oyuncaq ayıların qiyməti 20-40 manat arasında dəyişir".
Məzun yaxalıqlarının qiyməti isə 80 qəpikdir.
Digər bir dükanın satıcısı pandemiyadan sonra vəziyyətin pisləşdiyindən gileylənir:
"Sabah əlamətdar gün olsa da alıcılıq qabiliyyəti çox aşağıdır. Görünür "Son zəng" günü artıq maraq dairəsində deyil. Əvvəllər bir ay öncədən çoxlu sifariş olurdu. İndi isə bir gün qalıb, gül alan yoxdur".
Satıcı ilə söhbətləşən zaman içəri anidən bir neçə şagird daxil olur. Onlar gül seçməyə başlayırlar.
Sadiq Mürvətov "Son zəng"ə hazırlaşdığını qeyd edir:
"Sabah Nərimanov rayonu 39 nömrəli tam orta məktəbin məzunu olacağam. Bu dükana gül almağa gəlmişəm. Sabah üçün hazırlıq işləri gedir. Gözlədiyimiz gün artıq gəlib çatıb. Azərbaycan İdman Akademiyasına hazırlaşıram. Uğurlu nəticə əldə etmişəm. Bütün məzunlara uğurlar arzu edirəm. Yolları açıq olsun".
Qeyd edək ki, "Son zəng"i daha çox MDB ölkələrində qeyd edirlər. Bir sıra ölkələrdə bu gün "Vida", "Əlvida", "Məzun günü", "Sonuncu gün" və s. adlansa da, "Son zəng" ifadəsi, əsasən, Azərbaycan, Türkiyə və Rusiyada işlənir. Ölkəmizdə "Son zəng" SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i qeyd olunurdu, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də keçirilirdi. 2016-cı ildən isə tədris ilinin vaxtı uzadıldığı üçün "Son zəng" iyun ayının 14-də qeyd olunur.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
"Son zəng 2024" teqi üzrə xəbərlər
- "Son zəng"də şagirdlərə "Oğru aləmi"nin mahnısını ifa etməyə icazə verən direktor işdən qovuldu
- Qızının "Son zəng"inə qatılmayan Tom Kruz Teylor Sviftin konsertinə getdi
- Son zənglə bağlı neqativ hallar aşkarlanıb
- Samuxda məktəb direktoru şagirdlərlə birgə "oğru aləmi"ni tərənnüm edən mahnı ifa etdi? - AÇIQLAMA
- "Son zəng"in romantikası: Bakı küçələrində yeniyetmələrin gəzintisi