Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şagirdi olimpiadada zəif nəticə göstərən müəllim cəzalandırıla bilər?
Sosial mediada olimpiadada zəif nəticə göstərən şagirdlərin fənn müəllimlərinə xəbərdarlıq ediləcəyi ilə bağlı iddialar dolaşır.
İstifadəçilər tərəfindən edilən paylaşımlarda bunun mənfi nəticələrə səbəb olacağı, müəllimlərin öz adlarına xələl gəlməsin deyə uşaqları olimpiadaya göndərməyəcəkləri qeyd olunub.
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, olimpiadada nəticə göstərməyən şagirdə görə müəllimləri cəzalandırmaq doğru yanaşma deyil:
"Olimpiada müsabiqələrinə şagird hazırlayan müəllimlər məktəbin Pedaqoji Şurası və rəhbərliyinin qərarı ilə təyin olunurlar. Bu müəllimlər tədris ilinin əvvəlindən olimpiadaya qədər şagirdləri hazırlaşdırırlar. Bu zaman daha təcrübəli, sözünü demiş müəllimlər seçilirlər ki, məktəb nailiyyət əldə edə bilsin. Olimpiadada nəticə göstərməyən şagirdə görə müəllimin cəzalandırılması doğru deyil. Belə çıxır ki, Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında zəif bal toplayan abituriyentlərin müəllimləri də cəzalandırılmalıdır? Bu, doğru deyil və "Təhsil haqqında" Qanunda da belə bir yanaşma mövcud deyil".
O vurğulayıb ki, müsabiqənin formatına görə, onminlərlə şagirdin yalnız bir qismi nailiyyət əldə edir:
"Onda bu o deməkdir ki, olimpiadada nailiyyət əldə etməyən onminlərlə şagirdin müəllimləri tənbeh edilsinlər? Ola bilər ki, məktəb rəhbərliyi qiyabi formada belə bir şey deyib. Amma rəsmi formada buna görə cəzalandırmaq qanunsuzdur".
R.Nurəliyev söyləyib ki, müəllim öz rifahı üçün belə olsa, şagirdi olimpiadaya göndərməmək kimi davranış nümayiş etdirə bilməz:
"Olimpiadaya şagird qeydiyyatı elektron formada aparılır. Öncə siyahı tərtib edilir, hansı şagirdin məktəbi təmsil edəcəyi dəqiqləşdirilir. Daha sonra isə seçilən müəllim onu olimpiadaya hazırlayır. Müəllim öz mənafeyini güdərək şagirdi olimpiadaya göndərməyə bilməz. Həmçinin, müəllimlərə uğursuzluğa görə cəza alacaqları barədə xəbərdarlıq edilərsə, onlar olimpiadaya uşaq hazırlamaqda tərəddüdlü olar və həvəssiz yanaşarlar".
Xatırladaq ki, noyabrın 26-dan respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyata başlanılıb. Qeydiyyat prosesi dekabrın 9-dək davam edəcək.
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün dekabrın 28-də, X-XI siniflər üçün dekabrın 29-da, digər fənlər üzrə isə dekabrın 22-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil almaq, biliklərə marağı artırmaq və özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirləri müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.
VIII-XI sinif şagirdlərinin iştirak etdikləri respublika olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla səkkiz fənn üzrə təşkil olunur.
Olimpiadalar rayon (şəhər) və respublika olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi isə yarımfinal və final turları olaraq keçirilir.
Aygün Mirakif
Rəylər