Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kür çayının səviyyəsində KƏSKİN ARTIM - RƏSMİ AÇIQLAMA
Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb. Hazırda da Debed çayında sel davam edir.
Bunu "Report"a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 santimetr artıb və hazırda da səviyyənin artımı davam edir.
A.Verdiyev avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirib:
"Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir. Yaranmış vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur".
16:40
Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması halı baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaşayış məntəqələrində hər hansı təhlükə qeydə alınmayıb.
Hadisə ilə əlaqədar FHN-in "112" qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb.
Hazırda FHN tərəfindən mövcud şərait tam nəzarət altında saxlanılır.
15:27
Qazax rayonunda Coğazçay, Ağstafaçay və Xramçayın daşması nəticəsində ciddi fəsadlar yaranıb.
"Report"un məlumatına görə, ölkəmizdə və qonşu ölkələrdə yağan güclü yağışlardan sonra Coğazçay və Xram çayları daşıb.
Çoğazçay çayı üzərində yerləşən, Dəmirçilər kəndinə gedən yolun üzərində olan körpü qismən uçduğundan yol tamamilə bağlanıb.
Həmçinin Xramçay və Ağstafaçayın daşması nəticəsində vətəndaşlara məxsus obyektləri, park və sahələri su basıb.
Hazırda Milli Hidrometeorologiya Xidmətindən edilən xəbərdarlıq nəzərə alınaraq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.
Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
13:03
Qazaxda son günlər yağan yağışlardan sonra çay daşıb.
APA xəbər verir ki, Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun altında qalıb.
Bundan başqa, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarını su basıb. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır.
Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.