Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mehriban Zəki Oqtay Əliyevin həlak olduğu qəza barədə heç kəslə danışmaq istəmir - AÇIQLAMA + FOTO
Aprelin 1-də xəstəxanadan evə buraxılan Mehriban Zəkinin vəziyyəti yaxşılaşmağa doğru gedir.
Bu barədə Oxu.Az-a Xalq artistinin sənət dostu, aktyor Vüsal Murtuzəliyev məlumat verib.
Onun sözlərinə görə, aktrisa heç kəslə danışmaq istəmir:
“Mehriban xanım heç kəslə danışmaq istəmir. Bu, onun öz seçimidir. Bu barədə, ümumiyyətlə, danışmır. Vəziyyəti normaldır. Ağrıları var. Lakin əvvəlkinə nisbətən azalıb. Yaxşılaşmağa doğru gedir”.
V.Murtuzəliyev qeyd edib ki, Mehriban xanımın sağalması üçün zamana ehtiyacı var:
“Tam sağalmayıb. Qolu gipsdədir. Qabırğası çatlamışdı. Yavaş-yavaş düzələcək. Yaşadıqları asan bir şey deyil. Zaman lazımdır ki, sağalsın. Mehriban xanım güclü qadındır. Zamana ehtiyacı var. Özü nə vaxt istəsə, açıqlama verəcək”.
Aktyor sonda bacısı, Əməkdar artist Dilarə Əliyevadan danışıb:
“Dilarə özünü toparlamağa çalışır. Düzdür, çox çətindir. Lakin zamanla yaraları sağalacaq”.
Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-də Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev həlak olub, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.
Nəzrin Vahid
Rəylər