Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hamiləlik dövründə qandurulaşdırıcı tələbi: Zərurət, yoxsa həkimlərin yanlış təcrübəsi?
"Qanımda laxtalanma çoxdur. İki həkimə getdim, ikisi də bildirdi ki, hər gün "Kleksan" vurdurmalıyam. Doqquz həftəlik hamiləyəm. "Kleksan"ın biri 7-8 manat olduğu üçün imkanım çatmır almağa. Mütləq vurulmalıdır?"
Oxu.Az xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə bir çox hamilə qadınlara həkimlərin məhz "Kleksan" yazması müzakirə mövzusu olub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən cərrah-ginekoloq Rəşad Sultan bildirib ki, "Kleksan" - qandurulaşdırıcıdır. Qandurulaşdırıcılar isə hamilələrə ciftin ana bətninə düzgün kök atmaması səbəbindən təyin olunur:
"Qandurulaşdırıcı hamilələrə niyə təyin olunur? Çünki cifti, yəni uşağı ana bətninə bağlayan orqan sanki bir ağac torpağa kök atırmış kimi, ana bətninə, uşaqlığın divarlarına kök atır və bu kökatma prosesi uşağın, belə desək, doqquz aylıq taleyini həll edir.
Bəzi durumlarda kökatma prosesi tam getməyəndə ya düşük baş verə bilir, ya bətndaxili inkişaf geriliyi. Yəni uşaq anadan yetəri qədər qida və oksigen ala bilmədiyinə görə inkişafdan geri qala, bətn daxilində ölə bilər. Cift yaxşı kök atmadığına görə qopub ayrıla bilər və yenə bu halda uşağın ölməsinə və ciddi qanaxmaya səbəb ola bilər.
Anada təzyiqin artması, üzünün, əllərinin şişməsi, sidikdə zülal olması ilə gedən preeklampsiya dediyimiz xəstəlik baş verə bilir. Bunlar olmasın deyə risk faktorları olan hallarda biz hamilə qadınlara, hətta bəzən hamiləlikdən öncə də qandurulaşdırıcı təyin edirik".
Ginekoloqun sözlərinə görə, qandurulaşdırıcılar iki cür olur: qanın su hissəsinə, plazma hissəsinə təsir edənlər, bir də qanın laxtalanma hüceyrələrinə təsir edənlər:
"İş ondadır ki, bizim həkimlər "Kleksan"ın adını haradan eşidiblər və niyə hamilələrə yazırlar, onu anlaya bilmirəm.
Çünki indi internet əsridir və haradasa vahid kitabxana sistemi kimi tibbi məqalələr, jurnallar sistemi var. Biz yeni məlumatları öyrənmək istəyəndə həmin saytlara, portallara axtardığımız açar sözləri əlavə edirik və o istiqamətdə ən son elmi çalışmaları, məqalələri əldə edirik. Bu, bir növ biz həkimlərin "yol hərəkəti qaydaları"dır.
Məsələ burasındadır ki, müasir elmi çalışmaların heç birində qan durultmaq üçün "Kleksan" istifadəsi yoxdur.
Bütün dünya bu məqsədlə qanın hüceyrələrinin bir-birinə yapışmasına əngəl olan qandurulaşdırıcılardan, hamımızın tanıdığımız "Aspirin"dən istifadə edir. Bizim bir çox həkimlər "Kleksan"ı niyə tonlarla yazır, mən də anlamıram.
Bizim bəzi həkimlərdə, xüsusilə hamiləlik aparan həkimlərdə, belə bir alışqanlıq var sanki - xəstəyə hər şey yaz, hansı təsir edər-edər. Bayaq da qeyd etdiyim kimi, risk faktoru olan hamilələrdə yazırıq qandurulaşdırıcını. Bir çox həkimlərimiz isə təəssüf ki, ortada dərmanı yazmaq üçün səbəb oldu-olmadı o dərmanı yazırlar.
Problem bundadır ki, xəstələr də buna alışır və xaricdə təhsil almış, ancaq elmi cəhətdən sübut olunmuş, ehtiyacı olduğu təqdirdə dərman yazan həkimlərə basqı edirlər ki, "doktor, axı xalam qızına həkimi qandurulaşdırıcı yazıb. Siz mənə niyə yazmırsınız?"
"Bir daha qeyd etmək istəyirəm ki, uşaqla əlaqədar yox, özündə qanın laxtalanmasına meyillilik olan, analizlərlə, müayinələrlə trombofiliya sübut olunmuş xəstələrdən başqa heç bir hamiləyə "Kleksan" yazmağa ehtiyac yoxdur.
İnandırım sizi ki, yazılanların 95, hətta bəlkə, 99 faizi boş yerə yazılır. İkincisi də - qandurulaşdırıcıya ehtiyac varsa, biz "Kleksan" yox, "Aspirin" istifadə etməliyik. "Kleksan" heç bir işə yaramır, boş yerə yazılır", - deyə R.Sultan vurğulayıb.
Əzizə İsmayılova
Rəylər