Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Partlayışda zərər çəkən qadın: "Yuxuda idim, bir də ayıldım ki, otağın tavanı üzərimə düşüb"
Yuxuda idim, bir də ayıldım ki, otağın tavanı üzərimə düşüb.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında Gəncə şəhəri İsaq Cəfərov küçəsindəki beşmərtəbəli binada baş verən partlayışda zərər çəkən Nuranə Əliyeva deyib.
O, partlayış anını belə təsvir edib:
"Yerimdə uzanmışdım, birdən otağın tavanı gurultu ilə üzərimə düşdü. Xoşbəxtlikdən, ciddi xəsarət almadım. Hadisənin nədən baş verdiyini bilmirik".
Partlayış baş verən binanın digər sakini, hadisə nəticəsində ciddi xəsarət alan Firuzə Yusibova ailə üzvlərindən yalnız özünün zərər çəkdiyini söyləyib:
"Yuxuda idim, partlayış zamanı döşəmə çökdü, mən də aşağı yuvarlandım. Əşyalar üzərimə aşmışdı, başımdan, ayağımdan və qabırğamdan xəsarət almışam. Evdə dörd nəfər idik - həyat yoldaşım, oğlum, bir də anam. Şükür, onlara heç nə olmayıb".
Zərərçəkmişlərin müalicə aldığı xəstəxanadan bildirilib ki, onların vəziyyəti qənaətbəxşdir.
"Partlayış baş verəndə mən mətbəxdə idim. Həmin vaxt ildırım bərk çaxdığından nəyin baş verdiyini anlaya bilmədim. Hiss etdim ki, evimiz bərk silkələndi. Xoşbəxtlikdən mən qonaq otağında olmamışam. Evdə nəyinsə uçduğunu hiss etdim. O biri otağa keçəndə qonşu ilə aramızda olan beton plitənin aşdığını gördüm. Başa düşdüm ki, qonşuda nəsə partlayıb".
Bunu Bizim.media-ya açıqlamasında Gəncə şəhərində partlayış baş verən mənzilin qonşuluğunda yaşayan Gülsarə Hacıyeva deyib.
Onun sözlərinə görə, hadisə təxminən səhər saat 6 radələrində baş verib. Evdə tək olduğundan xoşbəxtlikdən onların mənzillərində xəsarət alan olmayıb. Lakin evlərinə ciddi ziyan dəyib:
"Evimə ciddi ziyan dəyib. Qonşu mənzillə aramızda olan divar çöküb. Əşyalardan hansıların sıradan çıxdığını dəqiq bilmirəm", - deyə hadisə şahidi deyib.
Həmin ünvanda beşinci mərtəbədə yaşayan Ərəstun Quliyev isə partlayış baş verən zaman kənddə olduğunu deyib:
"Mən kənddə idim. Burada qızlarım qalır. Zəng etdilər ki, ata, qonşuda partlayış oldu. Mən də tez gəldim. Bizim evdə şükürlər olsun ciddi xəsarət alan olmayıb. Qızımın qolu yüngül zədələnib. Amma çox qorxub", - deyə Ə.Quliyev əlavə edib.
Gəncədə partlayış nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 18-də Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar üç nəfər (biri kişi, ikisi qadın cinsli olmaqla) saat 7:10-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Bir nəfərin (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Gəncədə binada baş verən güclü partlayış nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1962-ci il təvəllüdlü Mehriban Paşayeva və 1980-cı il təvəllüdlü Könül Xudaverdiyeva həlak olub.
1961-ci il təvəllüdlü Bəxtiyar Orucov, 1999-cu il təvəllüdlü Firuzə Yusibova və 2004-cü il təvəllüdlü Nuranə Əliyeva xəsarət alıblar.
Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Hadisə zamanı həmçinin 6 nəfər xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə Oxu.Az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
Gəncədə binada partlayış baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər qadın ölüb.
Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.
Hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunublar.
Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.
Samir İsayev
"Partlayış hadisəsi" teqi üzrə xəbərlər
- Pakistanda dəmiryolu vağzalında baş verən terrorun anbaan GÖRÜNTÜLƏRİ
- Bu xəbərləri qaçırmayın: 05.11.2024-ün ən mühüm hadisələri
- Türkiyədə neft emalı zavodunda baş verən güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA
- Rusiyada yaşayış binasında güclü partlayış: Ölənlər var
- Sumqayıtda müəssisədə partlayış olub: Xəsarət alanların son durumu AÇIQLANDI