Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şəxs özü olmadan ona etibarnamə verilə bilərmi?
Etibarnamə - bir şəxsin üçüncü şəxslər qarşısında digər şəxsə verdiyi vəkalət sənədidir. O, istənilən müddətə verilə bilər. Əgər etibarnamə sənədində müddət göstərilməyibsə, o zaman etibarnamə təsdiq edildiyi vaxtdan etibarən bir il müddətində yararlı hesab olunur.
Etibarnamə verməli olan vətəndaşları maraqlandıran bir sual var - bu sənədi verərkən etibarnamə alacaq şəxsin də notariusa yaxınlaşması mütləqdirmi?
Oxu.Az-ın sorğusunu cavablandıran hüquqşünas Pərviz Məmmədov bildirib ki, bu halda etibar edilənin razılığı və ya iradə ifadəsi tələb edilmir.
"Əqdlər birtərəfli və ikitərəfli olur. İkitərəfli əqddə hər iki tərəfin iradə ifadəsi zəruri olduğu üçün müqavilə yazılı bağlanarkən də, notarial bağlanarkən də hər iki tərəfin iştirakı, yəni bilavasitə iradəsini ifadə etməsi tələb olunur.
Etibarnamədə isə etibar edənin iradəsi etibarnamənin qüvvəyə minməsi üçün kifayət edir. Etibar edilənin iradə ifadəsi və dolayısı ilə də iştirakı tələb edilmir", - deyə hüquqşünas bildirib.
Əzizə İsmayılova
Rəylər