Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ən təhlükəli kanserogen maddələr qrupunda yer alan məhsul Azərbaycana gətirilir?
Bu ilin ilk beş ayı ərzində Azərbaycana xaricdən 330 ton asbest gətirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir.
Oxu.Az xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində, əsasən, tikinti sənayesində istifadə edilən asbestin olduqca təhlükəli maddə hesab olunması və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün növ asbestləri, o cümlədən ən çox yayılan xrizotilli asbesti kanserogen (bədxassəli şişlərin yaranmasına səbəb olan) kimi təsnif etməsi ilə bağlı məlumatlar yayımlanıb.
Qeyd olunub ki, 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən asbest ilə bağlı yerli icra hakimiyyəti orqanlarına göndərilən xidməti məktuba əsasən, asbest örtüklü evlər siyahıya alınır və onların dam örtüklərində ölçü işləri aparılır.
Bundan əlavə, Dövlət Gömrük Komitəsi təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların siyahısına asbesti də daxil edib.
Məsələyə aydınlıq gətirilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq.
Komitənin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, asbestin xammal və hazır məhsul şəklində idxalına heç bir qadağa yoxdur.
"Təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların" siyahısına görə, yalnız toz və lif şəklində olan asbest tullantılarının ölkə ərazisinə gətirilməsi qadağandır və bu qəbildən olan mallar ölkə ərazisinə idxal edilməyib.
Asbestin xammal və hazır məhsul şəklində idxalına isə mövcud qanunvericiliyə əsasən, qadağa və məhdudiyyət müəyyən olunmayıb.
Asbest xammalının dövriyyəsinə məhdudiyyət "Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair Rotterdam Konvensiyası" ilə tənzimlənir və hazırda bu məsələlər üzrə müvafiq işlər aparılır", - deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi asbesti ən təhlükəli kanserogen maddələr qrupuna daxil edib.
İran, Türkiyə, Ukrayna kimi region ölkələri də daxil olmaqla, dünyanın 69 ölkəsində asbestdən istifadə qadağan edilib.
Əzizə İsmayılova
Rəylər