Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ən gənc dağçımız: “Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam” - MÜSAHİBƏ + FOTO
Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və yüksəkliyi 3 751 metr olan Heydər Əliyev zirvəsinə çıxıb. Ən böyük arzularından biri isə tanınmış alpinist olmaq, Tyan-Şan dağlarına tək yürüş etməkdir.
Oxu.Az ən gənc dağçımızla müsahibəni təqdim edir:
- Fəridə xanım, harada boya-başa çatmısınız?
- Dağçı olsam da, dünyanın dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxtında (-28 metr - red.) - Bakı şəhərində anadan olmuşam. Burada böyümüşəm.
- Bəs dağçı olmaq istəyiniz haradan yaranıb?
- Mən uşaq olanda ailəmizlə birlikdə təbiətdə olmağı sevirdik, təbiət turlarına qatılırdıq. Azərbaycanda elə bir bölgə yoxdur ki, biz oranı gəzməyək. Anamla birgə əvvəlcə meşələri, şəlalələri, tarixi yerləri gəzməyə başlamışdıq. Daha sonra idmanın idman dırmanması növü qarşımıza çıxdı. Maraqlı gəldi, federasiya ilə əlaqə saxlayıb zala getdim və idman dırmanması ilə məşğul olmağa başladım. Heydər Əliyev zirvəsinə qalxandan sonra isə dağçı olmaq həvəsim qərara çevrildi və başladım dağlara getməyə.
- Bu, neçənci il idi?
- 2015-ci il. Daha sonra Azərbaycanda dağçılıq məktəbini bitirdim və Türkiyə Dağçılıq Federasiyasının dağçılıq dərslərinə qatıldım. Azərbaycanda dağçılıq dərslərinin müddəti həm nəzəri, həm praktiki olaraq maksimum bir ili əhatə edirdi.
- Fəridə xanım, maraqlıdır, dağçılıq məktəbində hansısa fənlər tədris olunur, yoxsa ancaq praktiki məşğələlərdir?
- Türkiyədəki dərslər yay və qış üzrə iki hissəyə ayrılır. Yay dörd, qış isə üç ayrı hissədən ibarətdir. Əslində, yay dağçılığı da üçhissəli idi. Amma axtarış-xilasetmə təlimləri də yayda keçirildiyinə görə dördhissəli sayılırdı. Hər hissədən sonra bizə bir neçə ay verilir ki, öyrəndiklərimizi dağlarda tətbiq edək və gələn hissəyə hazırlaşaq. Ümumilikdə bütün hissələri minimum iki, maksimum üç ilə bitirmək olur.
Hər hissədə əvvəlcə dağçılığa aid nəzəri dərslər keçirilir, daha sonra praktiki (dağlarda, qayalarda, buzlaqlarda). Əlavə olaraq, ilkin tibbi yardım və axtarış-xilasetmə dərsləri də keçirilir. Axtarış-xilasetmə ayrıca bir hissədir: ongünlük “kamp” və sonda yalançı həyəcan siqnalı ilə axtarış-xilasetmə əməliyyatı təşkil edilir. Səhər tezdən iki-üç nəfəri seçirlər və onları aparıb dağda gizlədirlər. Qərargaha məlumat ötürülür ki, biz dağda yaralanmışıq və ya itmişik, bizi xilas etmək lazımdır. “Kamp”da qalanlar axtarış-xilasetmə əməliyyatını həyata keçirirlər. Hər şey bir oyun olsa da, hamı buna çox ciddi yanaşır. Hətta dövlət bunun üçün bizə təcili yardım maşını belə ayırmışdı. Bütün gün ərzində çox ciddi axtarış-xilasetmə əməliyyatı gedir. Çünki tapşırıq var - hər kəs xilas edilməlidir. Sonda bizim bacarıqlarımız dəyərləndirilir. İmtahanı keçsək, qış dağçılığına davam edə bilirik. Mənim üçün ən maraqlı hissə bu olmuşdu. Əlavə coğrafiyaya, meteorologiyaya, psixologiya və idman qanunu, idmançı etikasına aid biliklər və s. öyrədilir. Sonda hamısına aid test imtahanı olur.
- Sualım bir qədər bəsit görünə bilər, amma hesab edirəm ki, cavablandırmanız yaxşı olar: dağçı və alpinist eyni peşələrdir?
- İstər alpinist olun, istər dağçı - fərqi yoxdur. Hər ikisi üçün ürək lazımdır, təbiəti, dağları sevmək lazımdır. Belə bir deyim var ki, hər alpinist dağçıdır, amma hər dağçı alpinist deyil. Kimisi beş min metr hündürlüyü olan zirvələrə çatmış insanlara alpinist deyir, digərlərinə dağçı, kimisi biliklərinə görə ayırd edir, kimisi çox zirvə fəth etməyə görə ayırd edir. Mənə görə isə alpinizm təkcə dağadırmanma deyil. Bir alpinist həm qayayadırmanmanı, həm buzadırmanmanı, bir sözlə - alpinizmə aid bütün növləri və texnikaları bilməli və onlarla məşğul olmalıdır. Dağçı isə sadəcə, dağa dırmanmaqla maraqlanan insandır. Onun üçün alpinizmin altnövləri önəmli deyil. Yenə də, dediyim kimi, əgər sizin dağlara məhəbbətiniz varsa, təbiəti sevirsinizsə, fərqi yoxdur, alpinist də olsanız, dağçı da olsanız, o sevgi sizi müəyyən bir yerə çatdıracaq.
- İlk zirvəni neçə yaşında fəth etmisiniz və hara olub?
- 13 yaşımda. Ulu öndərimizin adına olan, 3 751 metr hündürlükdəki Heydər Əliyev zirvəsinə qalxmışam. Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam.
- Ailənizdə seçiminizə münasibət maraqlıdır. Kim daha çox dəstəkləyirdi, kim qəti əleyhinə idi?
- Anam hər zaman məni dəstəkləyib. O da həvəskar dağçılıqla məşğul olur. Əleyhinə olan olmayıb.
- İlk dəfə zirvəyə qalxdığınız zaman yaddaqalan ən maraqlı hadisə nə oldu?
- Öncə mənə yaşım az olduğuna görə zirvəyə qalxmağa icazə verməmişdilər. Daha sonra mənim necə həvəsli olduğumu gördülər və nazirlik mənə valideynin icazə kağızı ilə getməyə icazə verdi. Hər kəs deyirdi ki, bu qız çıxa bilməyəcək, uşaqdır. Amma mən sıranın ilk başında, yorulmadan, əvvəldən axıra qədər getmişdim. Bizim qrupun ən kiçiyi mən, ən yaşlısı, səhv etmirəmsə, 70 yaşlı bir xanım idi. Haradasa, 30-35 yaşlı bir kişi var idi, bizdən əvvəlki qrupla gedən. Biz qalxarkən onu iki nəfər aşağı düşürməyə çalışırdı. Tam bilmirəm, nədən olmuşdu, amma ayaqları tutulmuşdu. Ya soyuqdan idi, ya da bəzən bu hal dağ xəstəliyindən də ola bilir. Elə ilk zirvəmdə anlamışdım ki, dağçılığın yaşla, kişi, yaxud qadın olmaqla heç bir əlaqəsi yoxdur. Əsas fiziki, psixoloji və texniki cəhətdən hazırlıqlı olmaq lazımdır.
- Sizdə dağçılıq bir hobbidir, yoxsa peşəkar dağçı olmaq arzusundasınız?
- Mən təhsilimi bu sahə üzrə peşəkar səviyyədə almışam. Ali təhsilimi bu ixtisas üzrə bitirmişəm, həm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman turizmi üzrə oxumuşam, həm Türkiyədə dağçılıq məktəbini bitirmişəm, həm də dağlarda təcrübə qazanmışam.
- Bir dağçının ən məhsuldar vaxtı hansı yaş aralığı hesab olunur?
- Bir dağçının ən məhsuldar dövrü 35-45 yaş aralığıdır. Mənim isə hələ 22 yaşım var və gələcəkdə daha peşəkar dağçı olmaq üçün çalışıram.
- Bu sahədə kumiriniz varmı? Varsa, niyə məhz o adam?
- Bir neçə nəfər var, amma ən çox Nirmal Purja. Xüsusi bir səbəbi yoxdur. Sadəcə, güclü bir dağçıdır və rekord qırdıqdan sonra kumirim olub.
- Dağçıların məşq prosesləri necə keçirilir?
- Bakıda qayayadırmanma məşqlərini Nardaran, Buzovna və Bakıxanov ərazisində edirik daha çox. Qışda buzadırmanma məşqlərini isə Qusarın Laza kəndində yerləşən donmuş şəlalələrdə keçirik. Bundan əlavə, dağda kiçik yürüşlər edirik və get-gedə bu yürüşləri çətinləşdiririk.
- Fəridə xanım, bir gənc dağçı kimi, necə düşünürsünüz - gələcəkdə peşəkar dağçı olmaq üçün neçə yaşdan məşğul olmağa başlamaq lazımdır?
- Düşünürəm ki, 16-20 yaş sırf dağçılıq üçün ən uyğun yaşlardır. Nə gecdir, nə də tez.
- Dağları qrup şəklində fəth etmək yaxşıdır, yoxsa tək?
- Tək getmək məsləhət görülmür. Qrup şəklində getmək lazımdır ki, hər hansı bir hadisə olsa, digərləri kömək edə bilsinlər. Ümumiyyətlə, üç nəfərdən az olmaq məsləhət görülmür. Əsas odur ki, istər tək, istər iki nəfər və ya daha çox insanla gedilsə belə, mütləq müəyyən qurumlardan icazə alınmalı və marşrut əvvəlcədən təyin olunmalıdır.
- Tək fəth etmək istədiyiniz bir yüksəklik varmı?
- Tyan-Şan dağlarına qalxmaq istəyirəm (Tanrı dağları). Orta Asyada yerləşən bir dağ silsiləsidir. Meditasiya və yoqa ustadlarının bu dağlara öz mənəvi oyanışlarını tamamlamaq üçün getdiklərini eşitmişəm. Buna görə o dağlara getsəm, tək getmək istəyərəm.
- Dağa dırmanmaq mövsümünüz hansıdır - qış, yoxsa isti aylar?
- Qış dağçılığı da var, yay dağçılığı da. Dağçılıqda hər hansı bir dağa yay vaxt getmədən qışda dırmanmaq məsləhət görülmür. Ona görə hər ikisi.
- Bir dağçının çantasında nələr mütləq olmalıdır?
- Say, say, bitməz... (gülür) Ən əsas və mütləq şəkildə ilkin tibbi yardım çantası olmalıdır. Qida, su, dəyişmək üçün və isti geyim, yataq kisəsi, fənər, texniki ləvazimatlar, şəxsi gigiyenik ləvazimatlar, çadır və s.
- Dağa dırmandığınız yerdə birdən tibbi yardım lazım olsa, məsələn, təzyiqiniz qalxsa, o zaman bu proses necə yekunlaşmalıdır?
- Dağlarda bu işlər şansa buraxılmır. Yanımda kimsə varsa, çox güman ki, yola çıxmazdan əvvəl onun ilkin tibbi yardım biliklərinin olub-olmaması ilə maraqlanırıq. Bu halda qorxmalı bir şey yoxdur, çünki nəsə lazım olsa, o edəcək. Əgər bəsit bir təzyiq problemidirsə, dərmanla, təzyiqsalan qidalarla yoluna qoymaq olar. Amma ciddi bir məsələdirsə, bacardığım qədər, vəziyyətə görə hər şeyi edib, daha sonra aşağı enməyə çalışaram. O da alınmırsa, təhlükəsiz, isti bir yerə keçib, kiməsə xəbər verməyə çalışıb, kömək gözləyərəm. Bu halların olmaması üçün getməzdən əvvəl həkim yoxlanışından keçməlisən ki, belə hallar olmasın.
- Birdən qarşınıza sürpriz heyvan çıxdı, məsələn, ayı. Onda necə?
- Çıxıb. Görmüşəm onu. Amma uzaqda olub... (gülür)
- Dağçının hər hansı yüksəkliyi fəth etdiyi zaman heç rastlaşmaq istəmədiyi şey nədir?
- Uçqunlar. Qar uçqunları və gözlənilmədən dəyişən hava şəraiti. Uçqunlar marşrutun dəyişməsinə səbəb ola bilir. Hava şəraiti isə dağlarda beş mövsüm olur. Ən çox dörd min metrdən yüksək və beşminlik zirvələrdə, yola çıxmadan əvvəl hava şəraitinə nə qədər dəqiq baxılsa da, hər dəqiqə hava dəyişə bilir. Hətta bir gün müsbət 25 dərəcə isti olduğu halda, sabah temperatur mənfi 20 dərəcəyə düşə bilir. Buna görə də dağlarda beş mövsüm hava şəraiti deyilir. Bunlar dağçılar üçün qətiyyən arzuolunmaz şeylərdir.
- Təxminən 3 000 metrlik bir zirvənin fəth olunmasına minimum və maksimum nə qədər vaxt lazım olur?
- Minimum iki gün, maksimum üç gün. Düzdür, özüm daxil, bəzi insanlar bir günə də qalxa bilirlər, amma bu, hər insanın hazırlıq səviyyəsinə görə dəyişir və tövsiyə olunmur.
- Hesab edirəm ki, alpinizmlə həyatlarını riskə atan insanlar məşğul olurlar. Bu riski gözə almağa sizi nə vadar edir?
- Adrenalin tutqusu. Sözlərlə ifadə etmək çətindir, hər insan ömründə bir dəfə belə olsa, dağa gedib bu hissi yaşamalıdır. Amma məncə, əksinə, alpinizm riski gözə almaq deyil, bütün mümkün riskləri nəzərə alaraq, ən təhlükəsiz bir şəkildə təbiətdən zövq almağı bacarmaqdır.
- Dağçıya lazım olan ləvazimatların ən bahalısı nədir və neçəyə olur?
- Çadır. Fərqli qiymətlərə satılır. Amma peşəkarlar üçün çadırlar baha olur. Ən bahalısını iki min manata görmüşəm.
- Bəs qazanc necədir bu sahədə?
- Bildiyiniz kimi, bu sahə turizmin bir növüdür və turizmdə rəqabət çoxdur. Qazanc ancaq dağ bələdçiliyindədir, lakin bu sahədə o qazancı əldə etmək üçün illərin əziyyətinə sinə gəlmək lazımdır.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayıova
Rəylər