Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bel vuran kimi insan sümükləri çıxır: Həsənqalada tarixi abidə niyə qorunmur?
Xaçmaz rayonunun Həsənqala kəndi ərazisindəki təpəlikdə insan sümükləri aşkarlanıb.
Bu barədə Oxu.Az-a məlumat verən kənd sakinləri bildirirlər ki, sözügedən ərazidə yüngül qazıntı işləri aparan zaman da insan sümükləri aşkarlamaq mümkündür:
"Burada arxeoloji qazıntılar da aparılıb, amma ətrafda bu ərazinin tarixiliyini göstərən heç bir məlumat lövhəsi və ya inventar nömrəsi mövcud deyil. Camaat buraya gəlib-gedir, yeri bir az qazan kimi də insan sümüklərinin çıxdığını görmək olur. Tarixi ərazidir, amma qorunmur".
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.
Xidmət rəsmisi Oxu.Az-ın sorğusuna cavab olaraq ərazidə arxeoloji qazıntı aparılmasını təsdiqlədi:
"Qeyd olunan ərazi ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş yaşayış yeridir (1106 inventar nömrəli) və ərazidə sonuncu dəfə 2023-cü ildə arxeoloji qazıntı işləri aparılıb".
Yüngül qazıntılar zamanı insan sümüklərinin aşkarlanması məsələsinə gəlincə, xidmət rəsmisi bunun təbii təsirlər nəticəsində yarandığını bildirib:
"Təbii təsirlər nəticəsində torpağın üst qatının aşınması insan sümükləri və maddi-mədəniyyət nümunələrinin qalıqlarının üzə çıxmağına səbəb olub".
Ərazidə heç bir məlumat lövhəsinin olmamasına və insanların əraziyə sərbəst girib-çıxmasına gəlincə isə qeyd olundu ki, sözügedən ərazinin mühafizəsi istiqamətində tədbirlər görülür.
"Hazırda ərazidə məlumat lövhəsi yoxdur, amma bütün abidələrin məlumat lövhələrinin yenilənməsi, o cümlədən sözügedən abidəyə məlumat lövhəsinin vurulması ilə bağlı layihənin həyata keçirilməsi planlaşdırılır.
Arxeoloji abidə geniş ərazini əhatə edir. Qapalı yer deyil ki, oraya giriş məhdudlaşdırılsın", - deyə açıqlamada vurğulanıb.
Məsələ ilə bağlı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, abidənin qorunması, inventar nömrəsinin verilməsi və mühafizəsi institutun səlahiyyətində deyil:
"AMEA Arxeologiya və Antropologiya İnstitutu abidədə tədqiqat işləri aparıb və bu barədə hesabat hazırlanaraq Mədəniyyət Nazirliyinə təqdim edilib".
Tarixçi Zaur Əliyev də ərazinin tarixiliyi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verib. O qeyd edib ki, bəzi qeydlərdə Xaçmazın Həsənqala kəndini Qusarın Həsənqala kəndindən gəlmiş sakinlərin saldıqları barədə fikirlərə rast gələ bilərik:
"Lakin bu kəndin tarixi ən qədim dövrlərə gedib çıxır. Burada hətta Tunc dövrünə aid yaşayış məskəni də mövcuddur. Bu yaşayış məskəni kəndin Qusarla bağlığının olmadığını təsdiq edir.
Kəndin qədim olmasını təsdiq edən daha bir fakt burada Piritəpə və Həsənqala kurqanlarının olmasıdır.
Qeyd edim ki, Penn Muzeyinin direktoru vəzifəsində çalışmış amerikalı arxeoloq Robert Dayson buranın ilk sakinlərinin mannalılar olduğunu iddia edirdi.
Bu gün arxeoloqlar orada qazıntı aparıb qədim dövrə aid insan sümükləri, əşyalar və sair tapırlarsa, bu onun qədim dövrə aid qala-şəhər olmasından irəli gəlir".
Tarixçinin sözlərinə görə, bu gün Həsənqalada bir-iki kürək vurandan sonra aşkarlanan insan sümüklərinin qədim dövrə aid olduğunu demək olmaz:
"Çünki tarixin bütün dövrlərində baş verən təbiət hadisələri kurqanlarda dəfn edilənlərin ən azı beş-altı metr dərinlikdə qalmasına şərait yaradıb. Yəni bir kürəklə üzə çıxması qeyri-mümkündür.
Orada yeni tapılan sümüklərin qədim dövrə aid olmasını iddia etmək ya qeyri-peşəkarlıqdan, ya da bilgisizlikdən irəli gəlir. Həmin ərazidə dəfn edilənlər 1917-ci ildə ermənilərin Həsənqala kəndində həyata keçirdiyi soyqırımının qurbanlarıdır.
Tarixdən məlumdur ki, Stepan Şaumyanın Vladimir Lenin tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edildiyi andan, 1917-ci ilin dekabrından başlayaraq təpədən dırnağadək silahlanmış erməni-daşnak terror qrupları və hərbi birləşmələri azərbaycanlıların kütləvi qırğınına start vermişdilər.
Bakıda isə Şaumyan, Avakyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan, A.Əmiryan, Mikoyan, Korqanyan, habelə öz fərdi və çeşidli qəddarlıqları ilə ad çıxarmış Amazasp, Lalayan, Muradyan, Avetisyan, T.Əmiryan, Qazaryan və başqaları Azərbaycan regionlarında qırğınlar törətmək üçün təlimatlandırılmışdılar.
Adıçəkilən şəxslərdən şimal bölgəsi üzrə məsul, daşnak hökumətinin zabitlərindən Q.Muradyan qabaqcadan düşünülmüş şəkildə Xaçmazda qətliam törətmək məqsədilə göndərilib.
1917-ci ilin dekabrında Muradyanın 2 000-dən çox silahlı döyüşçüsü, Bakıdan gələn, özlərini bolşevik adlandıran, erməni daşnaklarından ibarət döyüş drujinası Dəvəçidə və Xaçmazda qiyamı yatırtmaq adı ilə dinc əhaliyə divan tutub.
Qorxuya düşən bəzi kəndlərin əhalisi meşələrə çəkilsə də, Xaçmazın Həsənqala kəndinin sakinləri ermənilərə müqavimət göstəriblər.
Həmin vaxt Şıxlarlı İbrahim bəy 80 nəfərlə onların köməyinə gəlib və indiki Yeni Həyat kəndinin yaxınlığında daşnaklarla döyüşə girib. Həsənqala ətrafında daşnaklar 600 əsgər, iki top və dörd pulemyot cəmləşdirmişdilər.
Olduqca ağır keçən döyüşdə daşnak-bolşeviklərə Həsənqala sakinləri ciddi zərbələr endiriblər. Onlara qarşı müqavimətin çətin olduğunu görən ermənilər yerli əhaliyə divan tutub, uşaq, böyük, yaşlı, qadın, kişi bilmədən qarşılarına çıxan hər kəsi qətlə yetiriblər.
Hətta sənədlərdə yazılır ki, daşnak-bolşeviklər Xaçmaz stansiyasında olan qəsəbəni və bazarı qarət edərək mal-mülkü ələ keçirib, etiraz edən hər kəsi dərhal yerindəcə güllələyiblər.
Bu qırğın Mir Cəfər Bağırovun məsələyə müdaxiləsi nəticəsində dayandırılıb və əsgərlər oradan uzaqlaşdırılıblar.
İtki çox olduğu üçün Xaçmaz sakinləri və həsənqalalılar öz ölülərini dəfn etmək üçün qədim kurqanlara yaxın bir yerdə məzarlar qazıblar. Qazıntılar zamanı üzə çıxan həmin sümüklər də daşnaklarla bolşeviklərin birlikdə törətdikləri soyqırımının qurbanı olan insanlara aiddir".
Əzizə İsmayılova
"Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti" teqi üzrə xəbərlər
- Bakının mərkəzində illərdir gizli qalan tarixi abidə
- Milyonçu Muxtarovun xanımı üçün tikdirdiyi sarayın qarşısındakı parka yeni NƏFƏS VERİLDİ
- Bakıda neçə tarixi-memarlıq abidəsində təmir-bərpa işləri aparılıb?
- "Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb
- Azərbaycanda tarixi məscid dağılmaq üzrədir: Ürəkdağlayan görüntülər
Rəylər