Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Elmir Qulu-zadə: "Ən kiçik risk aşkar edildikdə uçuşun təxirə salınması qaçılmazdır"
"Eyni zamanda, uçuşların təhlükəsizliyi məsələlərinin operativ həlli üçün proqram təminatı təkmilləşdirilir".
Bu sözləri Oxu.Az-a müsahibəsi zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuşların təhlükəsizliyi üzrə direktor müavini Elmir Qulu-zadə bildirib.
O, uçuşların təhlükəsizliyi və sərnişinlərin təhlükəsiz səyahətinin təmin olunmasında həyata keçirilən tədbirlər, reyslərin gecikmələrinin səbəbləri və hava şəraitinin uçuşların təhlükəsizliyinə təsiri barədə sualları cavablandırıb.
1. Hava limanlarında sərnişinlərin təhlükəsizliyi ilə uçuşların təhlükəsizliyi bir-birinə sıx bağlıdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda bu sahədə hansı tədbirlər görülür və yeniliklər varmı?
Uçuşların təhlükəsizliyi hər bir hava limanının ən əsas prioritetlərindəndir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 2023-cü il hesabatına əsasən, dünya üzrə hər bir milyon kommersiya uçuşunun 99.8%-i təhlükəsiz həyata keçirilir. Bu, mülki aviasiya sektorunda tətbiq edilən yüksək standartların və qabaqlayıcı tədbirlərin təsirini əks etdirir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda da 2024-cü ildən etibarən "Schiphol" və "Changi" kimi qabaqcıl aeroportlarda tətbiq olunan Uçuşların Təhlükəsizliyinin İdarəetmə Sistemi (UTİS-SMS) tərkibində Uçuşların Təhlükəsizliyi Göstəricilərinin İdarəetmə Sistemi (Safety Performance Management System) tətbiq olunmağa başlanılıb. Bu sistem, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun olaraq riskləri erkən mərhələdə müəyyən etməkdə və qabaqlayıcı tədbirləri zamanında həyata keçirməyə imkan yaradır. Bunun nəticəsində uçuşların təhlükəsizliyi daimi nəzarət altında saxlanılır.
Eyni zamanda, uçuşların təhlükəsizliyi məsələlərinin operativ həlli üçün proqram təminatı təkmilləşdirilir. Bununla da həm əməkdaşlar, həm də sərnişinlər uçuşların təhlükəsizliyinə dair problemləri QR kod vasitəsilə bildirə biləcəklər.
2. Bəs uçuşların təhlükəsizliyinə təsir göstərən əsas amillər hansılardır və bu risklər necə idarə olunur?
Uçuşların təhlükəsizliyinə texniki nasazlıqlar, uçuş-enmə zolaqlarında və perron ərazisində yad cisimlər (FOD - Foreign Object Debris), quşlarla toqquşma riski, hava şəraiti və s. kimi bir sıra amillər təsir göstərir. Bu amillərin hamısı beynəlxalq qaydalara uyğun olaraq Hava limanımızda ciddi nəzarətdə saxlanılır.
Məsələn, quşlarla toqquşma təhlükəsi dünya üzrə hava limanlarında artan bir riskdir. ICAO-nun son məlumatlarına əsasən, quşlarla toqquşma hadisələrinin sayı hava hərəkətinin artması ilə əlaqədar yüksəlir. Bu hadisələr təyyarənin mühərriklərinə və digər vacib hissələrinə ciddi zərər verə bilər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda bu risklərin qarşısını almaq üçün reaktiv və proaktiv olaraq bir sıra qabaqlayıcı tədbirlər görülür. Reaktiv tədbirlər kimi xüsusi texniki vasitələr ilə quşların uçuş-enmə zolaqları və ümumiyyətlə, Aeroport ərazisindən uzaqlaşdırılmasını, bununla yanaşı ornitoloqların fəaliyyətini və s. qeyd etmək istərdim. Proaktiv olaraq isə fəaliyyət sahəsinin özünəməxsusluğunu nəzərə alaraq tərəfimizdən cəlb edilən mütəxəssislər tərəfindən quşların hərəkət yolları və hava limanı ətrafındakı quş növləri analiz olunur və onların hərəkətinin idarə edilməsi imkanları araşdırılır. Bu tədbirlər beynəlxalq təcrübəyə əsaslanır və sərnişinlərin, həmçinin təbiətin təhlükəsizliyini təmin etməyə yönəlib.
3. Sərnişinlər üçün narahatlıq yaradan əsas məqamlardan biri də reyslərin gecikmələridir. Bu gecikmələrin əsas səbəbləri hansılardır?
Reyslərin gecikmələri sərnişinlər üçün narahatlıq yaratsa da, çox vaxt təhlükəsizliyin təmin olunması üçün vacib olur. Ən kiçik risk belə aşkar edildikdə, uçuşun təxirə salınması və ya gecikdirilməsi qaçılmazdır, çünki uçuş yalnız bütün təhlükəsizlik tələbləri tam yerinə yetirildikdən sonra həyata keçirilə bilər.
Gecikmələrin səbəbləri texniki nasazlıqlar, əlverişsiz hava şəraiti, yerüstü xidmətlərin ləngiməsi və ya logistik problemlər ola bilər. Hətta bəzən sərnişinlərin davranışları belə uçuşun vaxtında yerinə yetirilməsinə təsir edir. Təyyarənin yanacaqla təmin edilməsi, baqajın düzgün yüklənməməsi və ya birləşdirici reyslərin gecikməsi kimi faktorlar da növbəti uçuşların vaxtında yerinə yetirilməsinə mane ola bilər.
4. Texniki nasazlıqlar reyslərin gecikmələrinin əsas səbəbi olaraq göstərilir. Bu barədə ətraflı məlumat verə bilərsinizmi?
IATA-ya görə, reyslərin gecikmələrinin təxminən 45%-i yerüstü xidmətlər, texniki xidmət və heyətlə bağlı əməliyyat səbəblərindən qaynaqlanır. Texniki nasazlıqlar aviasiyada qaçınılmazdır və onların aradan qaldırılması sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək üçün vacibdir. Uçuşdan əvvəl hər təyyarə mühərriklər, naviqasiya sistemləri və digər vacib komponentlər də daxil olmaqla ciddi texniki yoxlamadan keçir. Təyyarənin texniki hazırlığı tam təmin olunmadan uçuşa icazə verilmir.
Bakı aeroportunda bu texniki yoxlamalar beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirilir və təhlükəsizlik prioritet olaraq qalır. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Avropa Aviasiya Uçuşların Təhlükəsizliyi Agentliyinin (EASA) məlumatlarına əsasən, dünya üzrə uçuşların 12-15%-i texniki nasazlıqlara görə gecikir, Heydər Əliyev Beynəlxalq Aeroportunda bu göstərici cəmi 1.25%-dir.
5. Bəs hava şəraiti uçuşların təhlükəsizliyinə necə təsir edir və hansı riskləri yaradır?
Hava şəraiti uçuşların təhlükəsizliyinə birbaşa təsir göstərir. Güclü külək, duman və ya yağış/qar kimi amillər təyyarənin qalxış və eniş prosesini çətinləşdirə bilər. Heydər Əliyev Beynəlxalq Aeroportunda müasir naviqasiya və meteoroloji sistemlər tətbiq edilir ki, bu da pilotların hər cür hava şəraitində təhlükəsiz qərarlar qəbul etməsinə kömək edir. Bu prosesdə həm təyyarənin müasir texnologiyalarla təchiz edilməsi, həm də pilotların bu texnologiyalardan effektiv istifadə bacarığı böyük rol oynayır. Məsələn, məhdud görünüşlü hava şəraitində istifadə olunan ILS (Instrument Landing System) və qabaqcıl işıqlandırma sistemləri təyyarənin təhlükəsiz enişini təmin edir.
Yağış və ya qarlı hava şəraitində təyyarə eniş prosedurunu icra edən zaman şassilərinin uçuş-enmə zolağının asfalt örtüyü ilə təmasında ilişmə əmsalının azalması kimi risklər yaranır. Bu risklərin idarə edilməsi üçün Heydər Əliyev Beynəlxalq Aeroportu GRF (Global Reporting Format) sistemini tətbiq edir və zolaqların vəziyyəti haqqında real vaxtda monitorinq aparılaraq hər uçuş üçün cavabdeh şəxslərə dəqiq məlumatlar təqdim edilir.
Bununla yanaşı, qış aylarında və yağıntılı hava şəraitində uçuş-enmə zolaqlarının və perronun təmizlənməsi vaxtlı-vaxtında həyata keçirilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verir.
Xüsusilə qeyd etmək lazımdır ki, hava şəraiti, texniki nasazlıqlar və digər amillər səbəbindən baş verən reyslərin gecikmələri sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlardır.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Heydər Əliyev Beynəlxalq Aeroportu COP29 çərçivəsində "Azaltma" sertifikatı əldə edib
- AZAL və "CarbonClick" aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
- AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
- AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
- Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib
Rəylər