Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
AZAL "AerCap" şirkətindən altı yeni "A320neo" və "A321neo" təyyarəsini əməliyyat lizinqinə götürür
Azərbaycanın milli aviadaşıyıcısı AZAL dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan "AerCap" ilə CFM LEAP mühərrikli altı yeni "Airbus" təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarından başlayaraq, həmin ilin sonunadək üç "A320neo" və üç "A321neo" təyyarəsinin tədarükü planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, sənəd "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev və "AerCap" şirkətinin baş kommersiya direktoru Piter Anderson tərəfindən imzalanıb.
"Lizinq müqaviləsinin imzalanması, xüsusilə məşhur "A321neo" təyyarələrinin cəlb edilməsi, donanmamızı əhəmiyyətli dərəcədə yeniləməyə imkan yaradır. Bu təyyarələr sərnişinlərimizin ehtiyaclarını ödəmək, onların maksimum rahatlığını təmin etmək, eləcə də aviaşirkətimizin marşrut şəbəkəsinin genişləndirilməsinə töhfə vermək məqsədinə xidmət edir. Biz yeni istiqamətlər açaraq və xidmət keyfiyyətini yüksəldərək daha yaxşı səyahət imkanları yaratmağa və müştərilərimizin gözləntilərini qarşılamağa çalışırıq. Bundan əlavə, "AerCap" kimi böyük bir şirkətlə müqavilənin bağlanması AZAL-ın beynəlxalq aviasiya bazarında yüksək etimada malik olduğunu bir daha sübut edir", - deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.
Qeyd edək ki, "A321neo" təyyarələri ilk dəfədir ki, AZAL-ın donanmasında təqdim ediləcək. "A321neo" təyyarələrinin Türkiyə, Yaxın Şərq və Hindistan kimi istiqamətlər üzrə uçuşlar həyata keçirəcəyi planlaşdırılır. "A320neo"ların isə Avropa və Asiya marşrutlarında istifadə olunması nəzərdə tutulur.
"AerCap" AZAL-ı yeni müştəri kimi qarşılamaqdan və onların təyyarə parkı və marşrut şəbəkəsini genişləndirməkdə dəstək olmaqdan məmnundur. "A320neo" və "A321neo" dünyada ən çox tələb olunan təyyarələrdən hesab olunur. Bu təyyarələr AZAL-a həm daha çox istiqamət üzrə sərnişinlərə xidmət göstərməyə, həm də donanmasını bazarda texnoloji cəhətdən ən qabaqcıl və yanacağa qənaət edən təyyarələrlə yeniləməyə imkan verəcək. Biz AZAL komandasına bu məqsədlərinə nail olmaqda uğurlar diləyir və uzunmüddətli tərəfdaşlığımıza ümid edirik", - deyə "AerCap" şirkətinin baş kommersiya direktoru Piter Anderson bildirib.
"Airbus A320neo" və "Airbus A321neo" qısa və ortaməsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir dargövdəli təyyarələrdir. Hər iki model uçuş təhlükəsizliyini və sərnişin rahatlığını artıran müasir idarəetmə sistemləri ilə təchiz edilib.
Təkmilləşdirilmiş aerodinamikası sayəsində "A320neo" və "A321neo" həm karbon emissiyalarını, həm də səs-küy səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu xüsusiyyətlər onları dayanıqlı inkişafa sadiq aviaşirkətlər üçün cəlbedici edir.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Heydər Əliyev Beynəlxalq Aeroportu COP29 çərçivəsində "Azaltma" sertifikatı əldə edib
- AZAL və "CarbonClick" aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
- AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
- AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
- Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib